Tbilisidə mağazadan 42 mobil telefon oğurlayan şəxslər ifşa olunub

May 9, 2026 - 11:21
 0  20
Tbilisidə mağazadan 42 mobil telefon oğurlayan şəxslər ifşa olunub

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İsani-Samqori Baş İdarəsinin əməkdaşları paytaxtda həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluq faktı ilə bağlı bir nəfəri saxlayıb, üç nəfəri isə cinayətdə ifşa ediblər.

Xeber.ge (DİN)-ə istinadən verdiyi məlumata görə, hadisənin təfərrüatları aşağıdakı kimidir:

İstintaqla müəyyən edilib ki, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs əlbir olduğu digər şəxslərlə birlikdə Tbilisidə yerləşən mağazalardan birinə qanunsuz daxil olub.

Şübhəli şəxslər mağazadan müxtəlif modellərə aid 42 ədəd mobil telefonu və müəyyən miqdarda pul vəsaitini ələ keçiriblər.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən şəxs qısa müddətdə yaxalanıb. Oğurlanmış əşyaların bir hissəsi maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsi (Oğurluq) ilə istintaq aparılır. Bu maddə üzrə təqsirli bilinən şəxsləri 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.