ABŞ-da elm adamları kompüterə iflic olmuş xəstənin fikirlərini oxumağı öyrədiblər

Jun 17, 2026 - 21:12
Jun 17, 2026 - 21:33
 0  13
ABŞ-da elm adamları kompüterə iflic olmuş xəstənin fikirlərini oxumağı öyrədiblər

ABŞ-ın Devis Kaliforniya Universitetinin tədqiqat qrupu, Nikolas Kardisin rəhbərliyi altında, tibb dünyasında böyük bir uğura imza atıb.

 Elm adamları Yan Amyotrofık Skleroz (ALS) xəstəliyindən əziyyət çəkən 45 yaşlı xəstənin beyninə siqnalları mətnə və nitqə çevirən 256 elektrod yerləşdiriblər.

XEBER.GE xəbər verir ki, bu nailiyyət sayəsində nitq qabiliyyətini tamamilə itirmiş xəstə yenidən xarici aləmlə əlaqə qurmaq imkanı qazanıb.

Xəstə beyninə yerləşdirilən xüsusi "Beyin-Kompüter İnterfeysi" (BCI) sistemindən istifadə etmək üçün 280 gün ərzində intensiv məşqlər keçib.

Bu hazırlıq mərhələsindən sonra o, cihazı evində tamamilə müstəqil şəkildə istifadə etməyə başlayıb.

Yeni texnologiya vasitəsilə xəstə ailəsi, dostları və həkimləri ilə sərbəst ünsiyyət qura bilib, həmçinin kompüterin kursorunu idarə edərək internetə daxil olmaq imkanı əldə edib. Cihazın işləməsi üçün proqram təminatı və avadanlıq hər gün yenidən aktivləşdirilib.

Məlumata görə, pasiyent bu qurğudan 19 aydan çox bir müddətdə, gündə orta hesabla 9,5 saat istifadə edib.

O, ümumilikdə 183 000-dən çox cümlə (təxminən 2 milyona yaxın söz) ifadə edib. Cihazın köməyi ilə xəstənin danışıq sürəti dəqiqədə orta hesabla 56 söz təşkil edib. Pasiyentin öz qiymətləndirməsinə görə, qurğunun ekrana ötürdüyü ifadələrin 92%-i tam və ya qismən doğru olub.

Almaniyanın Berlin "Şarite" klinikasının mütəxəssisi Surco Sukadari amerikalı həmkarlarının bu nailiyyətini tibb və texnologiya sahəsində "mühüm dönüş nöqtəsi" adlandırıb:

"Bundan əvvəlki araşdırmalar bu cür sistemlərin imkanlarını yalnız laboratoriya şəraitində nümayiş etdirirdisə, bu son hadisə cihazın gündəlik həyatda uzunmüddətli və böyük ölçüdə müstəqil istifadə oluna biləcəyini sübut edir", — deyə Sukadari vurğulayıb.

Ekspertlər qeyd edirlər ki, yaxın illərdə bu cür süni intellekt və beyin interfeysi sistemləri ağır iflic keçirmiş şəxslərin müalicəsi və reabilitasiyası üçün birbaşa kliniki praktikada tətbiq oluna bilər.