Çinli pasiyent 20 il bağırsağında termometrlə yaşayıb
Çində həkimlər nadir rast gəlinən tibbi əməliyyat icra ediblər. 32 yaşlı pasiyentin onikibarmaq bağırsağından civəli termometr çıxarılıb.
Xeber.ge "South China Morning Post" nəşrinə istinadən verdiyi məlumata görə, həmin şəxs xəstəxanaya qarın nahiyəsindəki kəskin ağrılarla müraciət edib.
Aparılan müayinələr zamanı məlum olub ki, ağrılara səbəb bağırsaq divarına sıxılan kənar cisim- termometrdir.
Pasiyent termometri təxminən 20 il əvvəl, uşaq olarkən təsadüfən udduğunu etiraf edib.
O zaman valideynlərinin reaksiyasından qorxduğu üçün hadisəni gizlədib və zaman keçdikcə bunu unudub.
Cihazın bağırsaqda yerləşməsi daxili qanaxma və bağırsaq deşilməsi (perforasiya) riski yaradıb.
Həkimlər tərəfindən həyata keçirilən təcili cərrahi müdaxilə nəticəsində termometr bütöv halda bədəndən kənarlaşdırılıb.
Maraqlıdır ki, 20 il bədəndə qalan cihazın üzərindəki temperatur şkalası tamamilə silinib.
Hazırda pasiyentin vəziyyətinin stabil olduğu bildirilir.