Britaniyanın gələcəyi sual altında - 3 ölkə ayrılmaq istəyir
Şotlandiya, Uels və Şimali İrlandiyanın siyasi liderləri Böyük Britaniyanın gələcəyi ilə bağlı birgə mövqelərini açıqlayıb və üç ölkənin öz siyasi taleyini müəyyən etmək hüququnu müdafiə ediblər.
XEBER.GE xəbər verir ki, Kardiffdə keçirilən mühüm görüşdə Şotlandiyanın birinci naziri Con Suinni Uelsin birinci naziri Rhun ap İorverth və Şimali İrlandiyanın birinci naziri Mişel O'Nil bir araya gəliblər.
Onlar müvafiq olaraq Şotlandiya Milli Partiyasını (SNP), Uelsdə müstəqillik tərəfdarı Plaid Cymru partiyasını və Sinn Féin-i təmsil edirlər. Liderlər ölkələrinin gələcək konstitusion statusunu müəyyən etmək hüququnun tanınmasını və müstəqilliklə bağlı referendumların keçirilməsinə imkan yaradılmasını tələb ediblər.
Görüşdə imzalanan anlaşma ilə tərəflər Şotlandiya, Uels və İrlandiya adasının gələcəyi ilə bağlı konstitusion dəyişikliklərə hazırlaşmaq və öz müqəddəratını təyinetmə məsələsində əməkdaşlığı gücləndirmək niyyətlərini ifadə ediblər.
Xatırladaq ki, müasir Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının siyasi quruluşu bir anda yaranmayıb və onun tarixi bir neçə əsr ərzində formalaşıb.
1707-ci ildə İngiltərə və Şotlandiya parlamentlərinin birləşməsi ilə Böyük Britaniya Krallığı yaradılıb. Daha sonra 1801-ci il yanvarın 1-də Böyük Britaniya ilə İrlandiya Krallığının siyasi birləşməsi nəticəsində “Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı” yaranıb.
İrlandiyanın böyük hissəsi 1922-ci ildə Birləşmiş Krallıqdan ayrıldıqdan sonra dövlətin adı indiki formasını – “Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı” – alıb. Şimali İrlandiya isə həmin dövrdə Böyük Britaniyanın tərkibində qalmağa qərar verib.
Beləliklə, bu gün Birləşmiş Krallıq dörd ölkədən - İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyadan ibarətdir.
mənbə: modern.az