Anaklia limanını dəmir yolu şəbəkəsinə birləşdirəcək 17,7 kilometrlik xətt tikiləcək

Nov 13, 2026 - 21:08
 0  5
Anaklia limanını dəmir yolu şəbəkəsinə birləşdirəcək 17,7 kilometrlik xətt tikiləcək

Gürcüstan Dəmir Yolları Anaklia dərin dəniz limanını ölkənin dəmir yolu şəbəkəsinə birləşdirəcək yeni xəttin tikintisi ilə bağlı beynəlxalq tender elan edib.

Layihə təxminən 17,7 km uzunluğunda elektrikləşdirilmiş dəmir yolu xəttinin tikintisini nəzərdə tutur.

Yeni xətt Xamiskuri kəndi yaxınlığındakı mövcud dəmir yolu magistralından başlayaraq Anaklia limanına qədər uzanacaq.

XEBER.GE xeber  verir ki, bundan əlavə, Anakliada yeni dəmir yolu stansiyasının tikintisi və Xobi stansiyasının infrastrukturunun yenidən qurulması planlaşdırılır.

Yeni dəmir yolu infrastrukturu Anaklia dərin dəniz limanının Gürcüstanın və regionun dəmir yolu şəbəkələrinə birbaşa qoşulmasını təmin edəcək. Bu, yüklərin səmərəli emalı, fasiləsiz daşınması və limanın buraxılış gücündən tam istifadə üçün şərait yaradacaq.

Dəyəri təxminən 205 milyon ABŞ dolları olan layihə Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçiriləcək. Tikinti işlərinin müqavilə imzalandıqdan sonra 30 ay ərzində başa çatdırılması nəzərdə tutulur.

Layihənin qrafikinə əsasən, dəmir yolu infrastrukturu 2029-cu ildə Anaklia dərin dəniz limanının fəaliyyətə başlamasına hazır olmalıdır.

Anaklia dərin dəniz limanının və dəmir yolu infrastrukturunun birgə inkişafı Gürcüstanın nəqliyyat sistemi üçün strateji əhəmiyyət daşıyır. Bu, ölkənin Orta Dəhlizdəki mövqeyini gücləndirəcək, beynəlxalq tranzit yüklərinin cəlb edilməsi imkanlarını artıracaq və Gürcüstanın Avropa ilə Asiyanı birləşdirən regional nəqliyyat-logistika qovşağı kimi inkişafına töhfə verəcək.

Məlumatı Gürcüstan Dəmir Yolları yayıb.