İranın 20 raketinə qarşı 80 ələkeçirici ABŞ-nin arsenalı sürətlə tükənir
ABŞ Silahlı Qüvvələri İranın İordaniyaya endirdiyi bir raket zərbəsinin qarşısını almaq məqsədilə 80-ə yaxın yüksəkdəyərli ələkeçirici raketdən istifadə edib.
XEBER.GE xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ-nin hərbi qüvvələri təqribən İrannın 20 ballistik raketini zərərsizləşdirmək üçün "Patriot" komplekslərindən 60-70 raket və 10-dan çox "THAAD" ələkeçiricisi buraxıb.
Məqalədə vurğulanır ki, sursatların belə kütləvi istifadəsi Tehranla qarşıdurmanın digər mərhələlərində hava hücumundan müdafiə sistemlərinin bir həftəlik sərfiyyatı ilə müqayisə oluna bilər.
WSJ qeyd edir ki, İranın tətbiq etdiyi taktika müdafiəni çətinləşdirir. Atılan raketlər ayrılan döyüş başlıqlarına malikdir və bu, ABŞ komplekslərini qiymətli sursatları xərcləməyə məcbur edir.
Bununla yanaşı, bütün hədəfləri vurmaq mümkün olmayıb - hücum nəticəsində Müvəffəq-Səlti aviabazasında qırıcılar və digər təyyarələrə ziyan dəyib.
Nəşrin məlumatına əsasən, arsenalların sürətlə tükənməsi fonunda Pentaqonun baş müfəttişinin hesabatında münaqişənin silahların "strateji ehtiyat qıtlığına" səbəb olduğu bildirilir.
mənbə: oxu.az