Tbilisidə 6 saxta telefon girov qoyan şəxs ifşa olundu
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları təkrarən törədilmiş dələduzluq, dələduzluğa cəhd və saxta sənəd hazırlama-istifadə etmə ittihamı ilə bir nəfəri saxlayıblar.
XEBER.GE xeber verir ki, bu barədə məlumatı DİN yayır.
İdarənin məlumatına görə, hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsi Tbilisinin lombardlarından birində saxta kodlu mobil telefonu girov qoymağa çalışarkən saxlayıblar. Maddi sübut kimi götürülmüş qutu açılarkən məlum olub ki, qutuda real telefonun əvəzinə gipsdən hazırlanmış telefona bənzər əşya var.
İstintaqla o da müəyyən edilir ki, təqsirləndirilən şəxs əlbir olduğu şəxslə birlikdə müxtəlif lombardlarda mobil telefonlara bənzər 6 imitasiya olunmuş əşyanı girov qoyub və bununla da şirkətlərə külli miqdarda maddi ziyan vurub.
Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində bir nəfər saxlanılıb, cinayətdə iştirak edən digər şəxsin də tutulması istiqamətində müvafiq polis tədbirləri həyata keçirilir.
Maddi sübut kimi dələduzluq yolu ilə mənimsənilmiş pulun bir hissəsi, mobil telefonun imitasiya olunmuş modelləri, eləcə də saxtalaşdırılmış zəmanət sənədləri götürülüb.
İstintaq Cinayət Məcəlləsinin 180-ci, 19-180-ci və 362-ci maddələri ilə aparılır ki, bu da 9 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.