Hər saat təxminən 100 nəfər tənhalığa görə ölür

Tənhalıqla əlaqəli səbəblərdən dünyada hər saat təxminən 100 nəfər həyatını itirir. Bu isə illik 871 min ölüm deməkdir.
Xeber.ge xəbər verir ki,
Araşdırmalara əsasən, Yer kürəsinin hər altıncı sakini tənhalıqdan əziyyət çəkir. 13-29 yaş arası gənclər arasında bu göstərici 17-21% təşkil edir. Aşağıgəlirli ölkələrdə isə vəziyyət daha da ağırdır. Bu ölkələrdə əhalinin 24%-i özünü tənha hiss edir.
Mütəxəssislər bildirirlər ki, sosial əlaqələr sağlamlığa müsbət təsir göstərir - ürək-damar xəstəlikləri, insult, diabet və depressiya riskini azaldır, psixoloji durumu sabitləşdirir və ömür uzunluğunu artırır. Tənhalıq isə bu xəstəliklərin inkişaf ehtimalını ikiqat artırır.
Tənhalığın iqtisadi təsirləri də var. Sosial təcriddən əziyyət çəkən yeniyetmələr 22% daha çox təhsil çətinliyi yaşayırlar. Yetkin insanlar isə iş tapmaqda və onu saxlamaqda çətinlik çəkirlər, zamanla gəlirləri azalır.
ÜST ölkələri təcili olaraq sosial əlaqələrin möhkəmləndirilməsini ictimai səhiyyə üçün prioritet məsələ kimi tanımağa çağırır.
mənbə: oxu.az