Gürcüstanın yeni təhsil naziri təyin edilib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə Givi Mikanadzeni yeni Təhsil, Elm və Gənclər naziri postuna təqdim edib.
O, vəzifədən istefa verən Aleksandre Tsuladzeni bu vəzifədəki fəaliyyəti üçün təşəkkür edib və ona gələcək işlərində uğurlar arzulayıb.
Baş nazir bildirib ki, təcrübəsi baxımından Givi Mikanadze bu vəzifə üçün ideal namizəddir. Kobaxidzenin sözlərinə görə, Mikanadze dərin akademik təhsilə malikdir, hüquqşünasdır, Tbilisi Dövlət Universitetinin məzunudur, həmçinin Böyük Britaniyanın Essex Universitetində və Niderlandın Amsterdam Azad Universitetində təhsil alıb.
"Onun dövlət sektorunda geniş iş təcrübəsi var, təhsil və elm sahəsində də böyük təcrübəyə malikdir. Uzun illər DİN Akademiyasında və müxtəlif universitetlərdə müəllim işləyib, bir çox kitab və elmi əsərin müəllifidir. Son dövrdə isə parlamentdə Təhsil, Elm və Gənclər Komitəsinin sədri idi. Bütün bunlardan çıxış edərək, onu bu vəzifəyə ideal namizəd hesab edirik və ona uğurlar arzulayırıq," – deyə Kobaxidze bildirib.
Yeni təyin olunmuş nazir Givi Mikanadze isə verdiyi açıqlamada bildirib ki, onun üçün bu vəzifə həm məsuliyyət, həm də şərəfdir. "21-ci əsrdə inkişaf təhsil və elmsiz mümkün deyil. Mövcud islahatlar və gündəmdə olan məsələlər davam etdiriləcək və sürətləndiriləcək. Mənə göstərilən etimadı ölkənin və cəmiyyətin maraqlarına xidmət etmək üçün maksimum səylə istifadə edəcəyəm," – deyə Mikanadze bildirib.
Qeyd edək ki, Aleksandre Tsuladze bu gün, 30 iyun tarixində Təhsil naziri vəzifəsindən istefa verib. O, 2024-cü il 2 oktyabrda təyin olunmuşdu və bundan əvvəl nazirin birinci müavini vəzifəsini icra edirdi. Tsuladze bu vəzifədə Giorgi Amilaxvarini əvəzləmişdi.
mənbə: interpress