Marneulidə həmkəndlilərinin 1.5 milyon laridən çox pulunu mənimsəyən 2 şəxs saxlanıldı

Oct 16, 2026 - 12:11
 0  13
Marneulidə həmkəndlilərinin 1.5 milyon laridən çox pulunu mənimsəyən 2 şəxs saxlanıldı

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları iri məbləğdə dələduzluq etməkdə şübhəli bilinən iki şəxsi saxlayıblar.

XEBER.GE xeber  verir ki, bu barədə DİN məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər həmkəndliləri ilə müəyyən məbləğ müqabilində iri buynuzlu heyvanları toplayaraq xaricdə satmaq barədə razılığa gəliblər. Şərtə əsasən, satışdan əldə olunan gəlir həmkəndlilər arasında paylanmalı idi.

Saxlanılan şəxslər iri buynuzlu heyvanları satsalar da, vədlərinə əməl etməyib və dələduzluq yolu ilə həmkəndlilərinə aid 1 470 170 lari və 6 600 ABŞ dolları məbləğində vəsaiti mənimsəyiblər.

Polis əməkdaşları hakim qətnaməsi əsasında hər iki şəxsi Marneuli bələdiyyəsində saxlayıb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi (külli miqdarda dələduzluq) ilə istintaq aparılır. Bu maddə 9 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.