Yeni formada şəxsiyyət vəsiqələrinin verilmə müddəti yenidən uzadılıb
“Gürcü Arzusu” hökumətinin ədliyyə naziri yeni əmr imzalayıb və bu dəfə müddət 2025-ci ilin 22 dekabrına qədər uzadılıb. Əvvəlki qərara əsasən, yeni vəsiqələrin verilməsi 3 noyabrda başlamalı idi.
“Gürcüstan vətəndaşının elektron şəxsiyyət vəsiqəsinin, Gürcüstanda yaşayan əcnəbilər üçün müvəqqəti və daimi yaşayış elektron vəsiqələrinin, həmçinin müvəqqəti şəxsiyyəti təsdiqləyən elektron vəsiqənin texniki xüsusiyyətləri və formalarının təsdiqlənməsi haqqında” əmr 2025-ci il 10 martda dərc olunmuşdu. Həmin qərara görə, yeni formadakı şəxsiyyət vəsiqələri, biometrik pasportlar və digər sənədlər 2025-ci il 4 iyundan etibarən verilməli idi.
Ancaq bu tarix bir neçə dəfə təxirə salınıb.
Yeni dizayndakı biometrik pasportların verilməsinə artıq başlanıb – bu, 2025-ci il 6 oktyabrdan etibarən müraciət edən vətəndaşlara aiddir.
Amma yeni şəxsiyyət vəsiqələrinin verilməsi hələ başlamayıb.
Yeni dizaynda şəxsiyyət vəsiqələri 2025-ci il 22 dekabrdan etibarən müraciət edən vətəndaşlara veriləcək (əlbəttə, əgər bu tarix bir daha dəyişdirilməzsə).
Qeyd: Yeni sənədlər qüvvəyə mindikdən sonra, artıq verilmiş (indiki) şəxsiyyət vəsiqələri və pasportlar etibarlılıq müddəti bitənədək qüvvədə qalacaq.
Yəni vətəndaşların mövcud pasport və şəxsiyyət vəsiqələrini dəyişmək məcburiyyəti olmayacaq — onlar yalnız sənədin etibarlılıq müddəti bitdikdə dəyişdiriləcək.
mənbə: marneulifm