Mirzə Əliyevin ölümünə aid yeni məlumatlar
Qabal kəndində keçirilən xüsusi əməliyyat zamanı 52 yaşlı Mirzə Əliyevin zərərsizləşdirilməsi ilə bağlı yeni detallar məlum olub.
Polis əməliyyatı zamanı ilk atəşi məhz 52 yaşlı Mirzə Əliyev açıb. Onların dediyinə görə, Mirzə Əliyev elə bilib ki, evinə oğrular giriblər.
Ailə üzvləri həmçinin polisin güc tətbiq etməsini tənqid edirlər və bildirirlər ki, hüquq-mühafizə əməkdaşları heç bir xəbərdarlıq etmədən evə daxil olublar.
Bununla yanaşı, onlar Mirzə Əliyevin “kriminal aləmlə əlaqəsi” olduğu barədə iddiaları da rədd edirlər.
“Nəyə görə evə girdilər, niyə onu tutmaq istəyirdilər — bunu bizə heç kim demir. Bildiyimizə görə, Mirzə maskalı adamları görəndə oğru zənn edib və atəş açıb, bundan sonra xüsusi təyinatlılar cavab atəşi açıblar və o, yerindəcə ölüb. Evin vəziyyətinə baxın, divar və pəncərələrdə hər şey görünür. Biz inanmırıq ki, Mirzənin ‘kriminal aləmlə’ hər hansı əlaqəsi olub”, –Mirzə Əliyevin ailə üzvləri deyiblər.
Xatırladaq ki, bu gün Daxili İşlər nazirinin müavini Aleksandre Daraxelidze bildirib ki, “kriminal aləmlə” əlaqədə olmaqda şübhəli bilinən 34 nəfər saxlanılıb və saxlanılmalı olan şəxslərdən biri – Mirzə Əliyev xüsusi təyinatlılara atəş açıb, cavab atəşi nəticəsində yerindəcə zərərsizləşdirilib.
“Əməliyyat zamanı Laqodexi rayonunun Qabal kəndində saxlanılmalı olan 1973-cü il təvəllüdlü Mirzə Əliyev, barəsində məhkəmənin qərarı olan şəxs, xüsusi təyinatlılara intensiv atəş açıb. Nəticədə bir xüsusi təyinatlı sinə nahiyəsindən ağır yaralanıb. Polisin cavab atəşi nəticəsində Mirzə Əliyev yerindəcə zərərsizləşdirilib,” – deyə Daraxelidze bildirib.
mənbə: marneulifm