Rioni çayı bəzi kəndləri "ada"ya çevirib, əhali köməksiz qalıb-VİDEO
Gürcüstanda güclü yağışların ardınca Rioni çayının məcrasından çıxaraq daşması nəticəsində bölgədə ağır humanitar böhran yaranıb.
Xeber.ge xəbər verir ki, xüsusilə Siriyaçkoni kəndi və ətraf yaşayış məntəqələri fəlakətin mərkəzindədir.
Daşan sular Siriyaçkoni kəndinin tən yarısını xarici aləmdən tamamilə təcrid edərək mühasirəyə alıb.
Rioni çayının coşqun selləri kəndi xarici aləmlə bağlayan yeganə mərkəzi avtomobil yolunu tamamilə yuyub aparıb. Nəticədə əraziyə hər hansı bir nəqliyyat vasitəsinin daxil olması qeyri-mümkün hal alıb.
Fəlakət zonasında artıq 3 gündür ki, elektrik enerjisinin verilişi tamamilə dayanıb. Eyni zamanda, sakinlərə təbii qazın verilməsi də kəsilib. İşıqların olmaması səbəbindən mobil telefonların enerjisi bitib və daxildə qalan insanlarla rabitə əlaqəsi kəsilib.
Daşqınlar evləri, zirzəmiləri, əkin sahələrini və otlaqları batırıb. Sakinlər çoxlu sayda ev heyvanının (ev quşları və iribuynuzlu mal-qara) tələf olduğunu bildirirlər.
Kənd sakinləri günlərdir aidiyyəti dövlət qurumlarının nümayəndələrini gözlədiklərini, lakin indiyədək heç bir yardımın gəlib çatmadığını iddia edirlər. Y
"Rioni çayı bütün zəmilərimizi, heyvandarlıq sahələrimizi basıb. Əkinlərin cəmi 20-25 faizi salamat qalıb. Burada təcili olaraq 150 metrlik qoruyucu damba (bənd) tikilməli idi, vaxtında edilmədiyi üçün bu gün bu rəzil durumdayıq.
İnsanlar faktiki olaraq aclıq həddindədir. Mal-qaranı bağlamağa quru yer belə qalmayıb".
Qonşu kəndin sakini isə Siriyaçkonidə qalan qohumları ilə heç bir şəkildə əlaqə saxlaya bilmədiklərini vurğulayıb:
"Üç gündür işıq yoxdur, telefonlar sönüb. İnsanlar suyun ortasında, sanki bir adada çarəsiz qalıblar. Nə yeməkləri var, nə içməli suları.
Evlərində nə ehtiyat qalıbsa, onunla keçinirlər. Kənardan isə ora heç nə çatdırmaq olmur. Çayda suyun səviyyəsi enməyənə qədər kəndə daxil olmaq və oradakı real vəziyyəti öyrənmək mümkün deyil".
Qeyd edək ki, bənzər güclü daşqın bir neçə il əvvəl də qeydə alınıb və o zaman çayın dağıtdığı mühafizə bəndləri bərpa olunmadığı üçün Rioni çayı hər daşqında birbaşa yaşayış evlərinə dolur. Bölgəyə xilasedicilərin və ağır texnikanın cəlb olunması üçün hökumət orqanlarından rəsmi açıqlama gözlənilir.