Saakaşvili teleaparıcını partiyasına yeni sədr seçib

Jun 18, 2026 - 12:04
Jun 18, 2026 - 12:05
 0  15
Saakaşvili teleaparıcını partiyasına yeni sədr seçib

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili müxalifətdəki Vahid Milli Hərəkat partiyasının sədrliyinə teleaparıcı Nanuka Jorjolianinin namizədliyini irəli sürüb.

  Saakaşvili partiyanın rəhbər orqanlarının səlahiyyət müddətinin iyul ayında başa çatacağını bildirib. O vurğulayıb ki, bu səbəbdən hakimiyyətin mümkün müdaxiləsini istisna edən şəffaf və demokratik seçkilərin keçirilməsi vacibdir.

Sabiq prezidentin sözlərinə görə, Vahid Milli Hərəkatı qarşıda kosmetik deyil, fundamental dəyişikliklər gözləyir. O qeyd edib ki, Nanuka Jorjoliani partiyaya rəhbərlik etmək üçün zəruri olan təcrübəyə, enerjiyə və baxışlara malikdir.

Saakaşvili eyni zamanda partiyadaxili seçkilərin açıq səsvermə yolu ilə keçirilməsinə çağırış edib. O, bütün namizədləri seçki prosesində iştirak etməyə dəvət edərək bildirib ki, bu yarış şəxslər arasında deyil, ideyalar və proqramlar arasında rəqabət olmalıdır.

Mixeil Saakaşvili əlavə edib ki, əgər Nanuka Jorjoliani seçkilərdə qalib gələrsə, o, partiyada islahatları həm veteran üzvlərlə, həm də yeni qoşulan partiya üzvləri ilə birlikdə həyata keçirəcək.