Axmetada güclü yağış fəsadlar törətdi-VİDEO
Axmeta bələdiyyəsində güclü yağışlar fəsadlar törədib: Pankisi dərəsinin bir neçə kəndi, o cümlədən Zemo, Kvemo və Şua Xalatsani sel sularına təslim olub.
XEBER.GE xəbər verir ki, aramsız yağan güclü yağışlar nəticəsində bölgədəki çaylarda suyun səviyyəsi kəskin yüksəlib, daşqınlar baş verib. Şiddətli sel suları yaşayış evlərinin birinci mərtəbələrini, zirzəmiləri, həyətyanı sahələri və geniş kənd təsərrüfatı ərazilərini su altında qoyub.
Yerli sakinlərin verdiyi məlumata görə, onlar təhlükəni vaxtında hiss edərək ev heyvanlarını və mal-qaranı təhlükəsiz yerlərə təxliyə edə biliblər.
Son gələn məlumatlara görə, hazırda çaylarda suyun səviyyəsi enməyə başlayıb. Fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.