Kaspi rayonunda həmkəndlisini güllələyən şəxs saxlanılıb
Kaspi bələdiyyəsinin Zemo Xandak kəndində bir kişi güllələnərək yaralanıb. Kənd sakinlərinin məlumatına görə, hadisə yerli sakinlər arasında yaranan mübahisə nəticəsində baş verib.
XEBER.GE xeber verir ki, yaralı təcili tibbi yardım briqadası tərəfindən klinikaya aparılıb. Yerli sakinlərin sözlərinə görə, onun həyatı üçün təhlükə yoxdur.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs artıq polis tərəfindən saxlanılıb. Onu 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Şida Kartli Polis Departamentinin Kaspi Rayon İdarəsinin əməkdaşları sağlamlığa qəsdən ağır zərər vurmaqda və odlu silahı qanunsuz əldə edib saxlamaqda şübhəli bilinən bir nəfəri saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs keçmiş münaqişə zəminində Kaspi bələdiyyəsinin kəndlərindən birində həmkəndlisini odlu silahla güllələyərək yaralayıb və hadisə yerindən qaçıb.
Yaralı tibbi yardım göstərilməsi üçün klinikaya yerləşdirilib.
Polis əməkdaşları əməliyyat-istintaq tədbirləri nəticəsində şübhəli şəxsi hadisədən dərhal sonra saxlayıblar. Cinayətin törədilməsində istifadə olunan silah maddi sübut kimi götürülüb.
Bundan əlavə, saxlanılan şəxsin yaşadığı evdə aparılan axtarış zamanı müxtəlif çaplı patronlar və kiçik çaplı tüfəng də aşkar edilərək götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci və 236-cı maddələri ilə istintaq aparılır. Həmin maddələr 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.