Gürcüstan Parlamentində “gender” termini qanunvericilikdən çıxarıldı

Gürcüstan Parlamentində “gender” terminini ölkənin qanunvericiliyindən çıxaran dəyişikliklər paketi üçüncü oxunuşda qəbul edilib.
Dəyişikliklər 16 müxtəlif qanuna aiddir.
Qanunvericilik paketi bu gün yekdilliklə – 80 səslə təsdiqlənib.
Hakimiyyət nümayəndələrinin açıqlamasına görə, “gender” anlayışı “xaricdən zorla qəbul etdirilmiş termin” idi.
Dəyişikliklərə əsasən, “Gender bərabərliyi haqqında” qanunun adı dəyişdirilərək “Qadın və kişi bərabərliyi haqqında” qanun adlandırılıb.
Qanun layihəsinə əsasən, qanunvericilikdəki “gender məsələləri” ifadəsi “qadın və kişi bərabərliyi məsələləri” ilə, “gender ayrı-seçkiliyi” ifadəsi isə “qadın və kişi bərabərliyinə qarşı ayrı-seçkilik” ifadəsi ilə əvəz olunub. Bundan əlavə, “gender həssaslığı” anlayışı “cinsə görə həssaslıq” ifadəsi ilə dəyişdirilib və digər terminlərdə də müvafiq dəyişikliklər aparılıb.
Qanun layihəsinin müəllifləri və təşəbbüsçüləri “Gürcü Arzusu” və “Xalqın Gücü” fraksiyalarının deputatlarıdır: Arçil Gorduladze, Tornike Çeişvili, Rati Yonataşvili, Davit Matikaşvili, Quram Maçaraşvili, Aleksandre Tabatadze, Tengiz Şarmanashvili, Aluda Ğuduşauri, Viktor Cafaridze, Sozar Subari, Nodar Turdzaladze, İrma Zavradaşvili, Levan Maçavariani, Ramina Beradze, İrakli Kirkxalia, Salome Jincolava, Tornike Berekashvili, Henrieta Tsitsava və Mamuka Mdinaradze.
mənbə: interpress