Argentinalı qapıçı inanılmaz avtoqola imza atıb - Video

Nov 15, 2026 - 14:07
 0  8

Argentinalı qapıçı Esekiel Baçer topu səhvən öz qapısına göndərərək rəqib komandanın hesabı açmasına səbəb olub.

 XEBER.GE xəbər verir ki, qeyri-adi hadisə noyabrın 15-də "Komunikasiones" və "Arsenal Sarandi" komandaları arasında Argentina B Liqasına vəsiqə uğrunda keçirilən 1/4 final mərhələsinin ilk oyununda baş verib.

Matçın cəmi üçüncü dəqiqəsində "Komunikasiones"un qapıçısı Esekiel Baçer rəqib komandanın hücumundan sonra topa sahib olub. O, sürətli əks-hücum başlatmaq üçün topu komanda yoldaşlarına ötürmək istəyib.

Lakin 30 yaşlı qapıçının zərbəsindən sonra top irəli getmək əvəzinə onun arxasına düşərək birbaşa qapıdan keçib. Nəticədə "Arsenal Sarandi" hesabda 1:0 önə keçib.

Qapıçının gözlənilməz səhvindən sonra rəqib komanda daha da ruhlanıb və matçı 3:2 hesabı ilə qazanıb.

Esekiel Baçer isə kobud səhvinə görə sosial şəbəkə istifadəçilərinin tənqid və istehza hədəfinə çevrilib. Dünya mətbuatında həmin epizod "tarixin ən qəribə avtoqollarından biri" kimi təqdim olunub.

 

mənbə: oxu.az