Telavidə anasını öldürməyə cəhd edən şəxsə rəsmi ittiham irəli sürülüb

Nov 14, 2026 - 20:10
 0  4
Telavidə anasını öldürməyə cəhd edən şəxsə rəsmi ittiham irəli sürülüb

Telavidə anasını qəsdən öldürməyə cəhd etmə faktı üzrə oğula rəsmi ittiham elan olunub.

XEBER.GE xeber  verir ki, bu barədə məlumatı Gürcüstan Prokurorluğu yayıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin apardığı istintaqla müəyyən edilib ki, 12 noyabr tarixində Telavi şəhərində, əvvəllər ailə üzvünə qarşı zorakılıq törətdiyinə görə məhkum olunmuş təqsirləndirilən şəxs öldürmək məqsədilə bıçaqla anasının boyun nahiyəsinə iki zərbə vurub, daha sonra hadisə yerindən qaçıb. Zərərçəkənin həyatını vaxtında göstərilən tibbi yardım nəticəsində xilas etmək mümkün olub.

Saxlanılan şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 11 prima, 19-109-cu maddəsinin “k” və “p” yarımbəndləri (ailə üzvünə qarşı və təkrarən törədilmiş qəsdən adam öldürməyə cəhd) ilə ittiham irəli sürülüb. Bu əməl 20 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.