Tsulukianinin komissiyasında iştirakdan imtina etdiyinə görə prokurorluq Badri Caparidzeni də dindirilməyə çağırıb

Apr 2, 2025 - 14:28
 0  29
Tsulukianinin komissiyasında iştirakdan imtina etdiyinə görə prokurorluq Badri Caparidzeni də dindirilməyə çağırıb

"Güclü Gürcüstan”ın liderlərindən biri Badri Caparidze bildirir ki, o, prokurorluqda şahid qismində dindirilməyə çağırılıb.


Caparidze, partiya yoldaşı Mamuka Xazaradze kimi, istintaq orqanına getmək niyyətində deyil. O, yalnız magistrat hakimin qarşısında ifadə verməyə hazır olduğunu qeyd edir.

Söhbət “Gürcü Arzusu”nun birpartiyalı Parlamentində yaradılmış müvəqqəti istintaq komissiyasından gedir. Bu komissiya “Vahid Milli Hərəkat” və onun yüksək vəzifəli şəxslərinin fəaliyyətini araşdırır. Xazaradze və Caparidze bu komissiyada ifadə verməyə çağırılıblar. Lakin onlar parlamentin legitimliyini tanımadıqlarını bildirirlər və buna görə də bu komissiyada iştirak etməyəcəklər.

“Tbilisi prokurorluğunun müstəntiqi Marta Kikinaşvili mənimlə əlaqə saxladı. Onlar məni şahid qismində dindirmək istəyirlər. Birincisi, mənə göndərilən məktubda hansı cinayət işi ilə bağlı dindirilməli olduğum göstərilməyib. Bu, yalnız vəkilimin zəngindən sonra dəqiqləşdirildi.

Təbii ki, bu dindirilmə parlamentin müvəqqəti istintaq komissiyasının müraciəti əsasında başladılan əsassız istintaqla bağlıdır. Buna görə də Gürcüstan Cinayət Prosessual Məcəlləsinin 113-cü maddəsi ilə mənə verilən hüquqdan istifadə edirəm və prokurorluq əvəzinə magistrat hakimin qarşısında ifadə verməyə hazıram”, – deyə Caparidze bildirib.

Mamuka Xazaradze magistrat hakimin qarşısında ifadə verdikdən sonra prokurorluq ona ittiham irəli sürüb. İstintaq orqanı ona Cinayət Məcəlləsinin 349-cu maddəsinin pozulmasını irad tutur. Bu maddə Parlamentin müvəqqəti istintaq komissiyasının qanuni tələbinin yerinə yetirilməməsinə görə məsuliyyəti nəzərdə tutur. Bu maddəyə əsasən, cərimə və ya 1 ilədək həbs cəzası tətbiq edilə bilər.

Mamuka Xazaradzenin həbs qətimkan tədbiri ilə bağlı məhkəmə prosesi sabah, 2 aprel, saat 13:00-da Tbilisi Şəhər Məhkəməsində keçiriləcək.

mənbə: marneulifm