Sante: 2018-ci ildə məhz biz “Qvarlis Baqa”nın südündə uyğunsuzluq aşkar etdik və ondan istifadə etməkdən imtina etdik

Apr 2, 2025 - 14:32
 0  22
Sante: 2018-ci ildə məhz biz “Qvarlis Baqa”nın südündə uyğunsuzluq aşkar etdik və ondan istifadə etməkdən imtina etdik

"Azadlıq Radiosu"nun jurnalist araşdırmasına cavab olaraq "Sante" şirkəti bəyanat yayıb və bildirib ki, keyfiyyət standartlarına uyğun gəlməyən süd istehsalçı fermerə qaytarılır və istifadə edilmir.

"Sante" 1997-ci ildən bəri Gürcüstanda ən böyük süd emalı şirkətidir və hər il təxminən 20 milyon litr süd qəbul edir və emal edir. Şirkət Gürcüstan bazarındakı ən iri fermer təsərrüfatları ilə əməkdaşlıq edir və ölkə üzrə süd qəbul məntəqələrinə malikdir.

"Sante"də süd keyfiyyətinin yoxlanılması üçün ciddi standartlar tətbiq olunur. Bunlara antibiotik testi, yağ və zülalın identifikasiyası, südün mikrobioloji analizi daxildir. Əgər süd keyfiyyət standartlarına uyğun gəlmirsə, o, fermer təsərrüfatına qaytarılır və istehsal prosesində istifadə edilmir.

2018-ci ildə məhz "Sante" "Qvarlis Baqa"nın südündə uyğunsuzluq, yəni antibiotiklər aşkar edib. Bu fakt iş materialları ilə də təsdiqlənir. Bu səbəbdən şirkət həmin südü qəbul etməkdən və istehsalda istifadə etməkdən imtina edib.

"Zavodumuzda tətbiq olunan Avropa və daxili keyfiyyət standartları, eləcə də ISO və HACCP sertifikatları, keyfiyyət standartlarına uyğun olmayan südün istehsalda istifadə edilməməsinə zəmanət verir", – deyə bəyanatda qeyd olunub.

Mübahisəli məhkəmə işi və "Qvarlis Baği"nin fəaliyyəti
"Azadlıq Radiosu"nun araşdırmasına görə, biznesmen Laşa Papavaşvilinin sahibi olduğu "Qvarlis Baqa" şirkəti "Chirina" (Biu-Biu) şirkətinə qarşı məhkəmə işində qalib gəlib və 4,7 milyon larinin ödənilməsinə nail olub.

Araşdırmaya əsasən, 2018-ci ildə "Qvarlis Baqa" "Chirina"dan təxminən 2700 ton çiy, emal olunmamış toyuq peyini alıb. Bir il sonra isə şirkət bəyan edib ki, "Chirina"dan aldığı və inəklərə yem kimi verdiyi bu peyin heyvanların ölümünə səbəb olub və şirkət 1,65 milyon lari ziyana düşüb.

Lakin "Chirina" bu iddiaları qəbul etməyib və bildirib ki, toyuuq peyini yem kimi deyil, gübrə kimi satılıb.

2020-ci ildə Laşa Papavaşvilinin şirkəti "Chirina"nı məhkəməyə verib. Məhkəmə sənədlərinə görə, "Qvarlis Baqa"nın hər bir inəyi gündə təxminən 6-7 kq toyuq peyini (samanla qarışdırılmış halda) yeyirmiş.

Südün yoxlanılması və antibiotik qalığı məsələsi
Araşdırmada qeyd olunur ki, "Azadlıq Radiosu" bir neçə şirkətə sorğu göndərərək, "Qvarlis Baqa”dan alınan südün hər partiyasının yoxlanılıb-yoxlanılmadığını və antibiotiklərin neçə dəfə aşkar edildiyini soruşub.

"Sante" "Azadlıq Radiosu"na bildirib ki, bu məsələ ilə bağlı şərh vermək istəmir.

"PepsiCo"-nun mülkiyyətində olan "Soplis Nobati" şirkəti bildirib ki, 2018-ci ilə aid sənədlər saxlanılmayıb. Gürcüstan qanunvericiliyinə görə, sənədlərin saxlanması üçün üç illik müddət müəyyən edilib. Ümumiyyətlə, "PepsiCo" standart və qanunvericilik tələblərinə uyğun olmayan heç bir süd və ya digər tərkib hissədən istifadə etmir.

"Agrohub" isə bildirib ki, həmin dövrdə "Qvarlis Baqa"dan süd alıb, lakin inəklərin toyuq peyini ilə qidalandığını bilməyib.

Araşdırmada vurğulanır ki, məhkəmə sənədlərinə əsasən, bir il ərzində "Qvarlis Baqa"nın südündə təxminən 10 dəfə antibiotik izləri aşkar edilib, lakin bu, südün bütün partiyalarına aid olmayıb.

mənbə: marneulifm