Gürcüstanda hərbi hospitalın şöbə rəisi rüşvət alarkən yaxalanıb

Apr 3, 2026 - 11:51
 0  15
Gürcüstanda hərbi hospitalın şöbə rəisi rüşvət alarkən yaxalanıb

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti tərəfindən həyata keçirilən əməliyyat nəticəsində rüşvət alma faktı üzrə bir nəfər vəzifəli şəxs saxlanılıb.

  Xeber.ge xəbər verir ki, əməliyyat Qərbi Gürcüstan Dairə Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyi və Müdafiə Nazirliyinin Baş İnspeksiyası ilə koordinasiyalı şəkildə keçirilib.

Məlumata görə, Müdafiə Nazirliyinin Giorgi Abramişvili adına Hərbi Hospitalının Kutaisi Tibb Mərkəzinin şöbə rəisi rüşvət alma faktı üzrə təqsirli bilinərək saxlanılıb. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs çağırışçının hərbi xidmətdən yayınmasını təmin etmək məqsədilə 3 000 lari müqabilində saxta tibbi rəy hazırlayıb. Həmin saxta sənəd çağırışçının hərbi mükəlləfiyyətdən azad edilməsinə əsas yaratmalı idi.

Məhkəmə qərarı ilə həyata keçirilən gizli istintaq tədbirləri nəticəsində cinayət əməlini təsdiqləyən audio və video materiallar əldə edilib. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi (Rüşvət alma) ilə istintaq aparılır. Saxlanılan şəxsi 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

İstintaq Xidməti dövlət məmurlarını və qanunsuz sövdələşmələrə meyil edən şəxsləri bu növ əməllərdən çəkinməyə çağıraraq, hər bir qanun pozuntusuna qarşı reaksiyanın sərt olacağını bəyan edib.