Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universiteti birləşdiriləcək

Jan 29, 2026 - 14:49
 0  28
Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universiteti birləşdiriləcək

Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universiteti birləşdiriləcək, birləşmiş ali təhsil müəssisəsinin adı isə Tbilisi İvane Cavaxişvili adına Dövlət Universiteti olaraq qalacaq.

Xeber.ge xəbər verir ki, bu barədə Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze bu gün keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, qərar rektorlarla aparılan ilkin məsləhətləşmələr əsasında qəbul edilib.

“Ali təhsil sistemində mühüm islahatların başlanması dərin təhlilə, beynəlxalq təcrübəyə və ölkənin inkişafı ilə bağlı uzunmüddətli maraqlara əsaslanır. Son dövrdə dövlət universitetlərinin akademik proqramları, tədqiqat istiqamətləri və infrastrukturu üzrə müqayisəli təhlil aparılıb. Bu prosesin və rektorlarla ilkin məsləhətləşmələrin nəticəsi olaraq Tbilisi Dövlət Universiteti ilə Gürcüstan Texniki Universitetinin birləşdirilməsi barədə qərar qəbul etdik. Bu addım İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin regionda akademik və elmi inkişafın aparıcı mərkəzinə çevrilməsinə və beynəlxalq reytinqlərdə mövqelərinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına zəmin yaradacaq”, – deyə Givi Mikanadze bildirib.

Givi Mikanadzenin sözlərinə görə, universitetlərin birləşdirilməsi məqsədilə nazirin əmri ilə müvəqqəti idarəetmə orqanı – “Şura” yaradılacaq və rektorun, eləcə də rektor müavinlərinin vəzifələrini icra edən şəxslər təyin ediləcək. Onlar yenidən təşkilatlanma prosesinin idarə olunmasını təmin edəcəklər.

Nazirin bildirdiyinə görə, ali təhsil sisteminin islahatı çərçivəsində əlavə olaraq aparıcı professor akademik vəzifəsi təsis ediləcək. Bu vəzifəyə müsabiqə yolu ilə seçilən şəxslər tədris və elmi-tədqiqat fəaliyyətinin strateji rəhbərliyini, keyfiyyətin artırılmasını və gənc akademik heyətin inkişafını təmin edəcəklər.