Tbilisidə xarici ölkə vətəndaşlarını girov götürən mütəşəkkil dəstə ifşa olunub

Apr 3, 2026 - 10:54
 0  17
Tbilisidə xarici ölkə vətəndaşlarını girov götürən mütəşəkkil dəstə ifşa olunub

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi və Kvemo Kartli polisi departamentlərinin birgə keçirdiyi əməliyyat nəticəsində ağır cinayətlər törətməkdə ittiham olunan 7 nəfər saxlanılıb.

Xeber.ge xəbər verir ki, mütəşəkkil dəstə üzvləri Rusiya Federasiyası vətəndaşlarına qarşı quldurluq və girov götürmə cinayətləri törədiblər.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər gecə saatlarında özlərini qaz idarəsinin əməkdaşları kimi təqdim edərək, sızmanı yoxlamaq bəhanəsi ilə Rusiya vətəndaşlarının yaşadığı mənzilə daxil olublar. Maskalı şəxslər soyuq silah tətbiq edərək və öldürməklə hədələyərək ev sahiblərindən 2 000 ABŞ dolları, mobil telefonlar və noutbuk qəsb ediblər.

Daha sonra zərərçəkənlərə qarşı fiziki zorakılıq tətbiq edən dəstə üzvləri onlardan əlavə 300 000 dollar tələb ediblər. Bir neçə saat davam edən işgəncələrdən sonra xarici vətəndaşlar silah gücü ilə avtomobillərə mindirilərək girov qismində Marneuli bələdiyyəsi istiqamətinə aparılıb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində cinayətdə iştirak edən yeddi nəfərin hamısı Marneuli və Qori şəhərlərində saxlanılıb. Hazırda hadisədə əli olan digər mümkün şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 144-cü (Girov götürmə) və 179-cu (Quldurluq) maddələri ilə istintaq aparılır. Saxlanılan şəxsləri 14 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.