Marneulidə gənc oğlanı qətlə yetirən şəxs həbs edildi

Apr 3, 2026 - 10:17
 0  40
Marneulidə gənc oğlanı qətlə yetirən şəxs həbs edildi

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polisi Departamentinin əməkdaşları Marneulidə baş vermiş qəsdən adam öldürmə faktı ilə bağlı bir nəfəri saxlayıb.

Xeber.ge xəbər verir ki, əməliyyat nəticəsində əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş, 2004-cü il təvəllüdlü E.İ. "isti izlər"lə yaxalanıb.

İstintaqla müəyyən edilib ki, cari ilin aprelin 2-də Marneulidə təqsirləndirilən şəxs ilə 2005-ci il təvəllüdlü E.B. arasında keçmişdə yaranmış ixtilaf zəminində mübahisə düşüb. Mübahisə zamanı E.İ. soyuq silahla həmin şəxsin boğaz nahiyəsinə xəsarət yetirərək hadisə yerindən qaçıb. Yaralı şəxs xəstəxanaya çatdırılsa da, aldığı ağır xəsarətlər nəticəsində orada vəfat edib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində şübhəli şəxs qısa müddətdə saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (Qəsdən adam öldürmə) ilə istintaq aparılır. Bu maddə üzrə təqsirləndirilən şəxsi 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.