Penitensiar Xidmət: "Elene Xoştariyanın səhhətinin pisləşməsi xəbəri yalandır"
Gürcüstanın Xüsusi Penitensiar Xidməti, "Dəyişikliklər naminə" koalisiyasının liderlərindən biri, məhkum olunmuş Elene Xoştariyanın səhhətinin pisləşməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərək, onun vəziyyətinin ağırlaşmadığını bəyan edib.
XEBER.GE xəbər verir ki,
"Xüsusi Penitensiar Xidmət, Elene Xoştariyanın maraqlarını müdafiə edən vəkil Şota Tutberidze tərəfindən məhkumun səhhətinin pisləşməsi barədə yayılan dezinformasiyaya cavab verir. Xoştariya 5 nömrəli qadın cəzaçəkmə müəssisəsində bütün zəruri şəraitlə təmin olunub və tibbi xidmət də daxil olmaqla, hər bir xidmətdən maneəsiz istifadə edir", – deyə rəsmi bəyanatda qeyd olunub.
Penitensiar Xidmətin vurğuladığına görə, Xoştariyanın diaqnozlarının "mütləq əksəriyyəti" onun müəssisəyə yerləşdirilməsindən əvvəl qoyulub və bunlar dövri olaraq kəskinləşən xroniki xəstəliklərdir.
"O, tibbi heyətdən şikayət etmir və hər hansı narazılıq bildirmir. Ona bütün zəruri tibbi xidmətlər göstərilir. Səhhətinin hər hansı formada pisləşməsi müşahidə olunmayıb", – deyə məlumatda qeyd edilib.
Bildirilib ki, məhkum kardioloq, nevroloq, oftalmoloq, ginekoloq, psixiatr və revmatoloq tərəfindən müayinə edilib, həmçinin onurğa və onurğa beyninin MRT-si də daxil olmaqla bir sıra müayinələrdən keçib.
Qurumun məlumatına görə, məhkumun revmatoloqa son viziti 5 iyun 2026-cı ildə baş tutub, rəy verilib və lazımi analizlər götürülüb. Müalicə mövcud tövsiyə və protokollara uyğun təyin edilib.
"Məhkum revmatoloqa təkrar vizitdən imtina etmişdi. Növbəti qəbul bu günə – 17 iyun 2026-cı ilə təyin edilib və məhkum buna etiraz etməyib", – deyə bəyanatda bildirilir.
Penitensiar Xidmət siyasi marağı olan bütün şəxsləri bu cür yalan və yoxlanılmamış məlumatları yaymaqdan çəkinməyə çağırır.
Qeyd edək ki, Tbilisi Şəhər Məhkəməsi 2026-cı ilin martında müxalifətçi "Droa" partiyasının lideri Elene Xoştariyanı 2025-ci ildə hakim "Gürcü Arzusu – Demokratik Gürcüstan" partiyasının seçki banerinə zərər vurduğuna görə 1 il yarım müddətinə azadlıqdan məhrum edib.
Xoştariya 14 sentyabr 2025-ci ildə yerli özünüidarəetmə seçkilərinin kampaniyası zamanı Kaxa Kaladzenin 570 lari dəyərindəki seçki banerinin üzərinə "Rusiya Arzusu" yazdığı videonu paylaşmışdı. Növbəti gün o, başqasının əmlakına zərər vurma ittihamı ilə saxlanılmışdı. Məhkəmə ilkin olaraq Xoştariya barəsində girov qətimkan tədbiri seçsə də, o, girovu ödəməkdən imtina etdiyi üçün həbsdə saxlanılıb.