Vətəndaşı bıçaqlayıb ölkədən qaçmaq istəyən şəxs sərhəddə tutuldu
Gürcüstanın paytaxtı Tbilisidə ağır cinayət hadisəsi qeydə alınıb.
Xeber.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi paytaxtda bir nəfərin sağlamlığına qəsdən ağır zərər vurmaqda şübbəli bilinən şəxsi isti izlərlə yaxalayıb.
DİN-in yaydığı rəsmi bəyanatda hadisənin təfərrüatları barədə deyilir:
"İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs aralarında keçmişdə baş vermiş münaqişə (konflikt) zəminində bir kişiyə soyuq silahla ağır xəsarətlər yetirib və dərhal hadisə yerindən qaçaraq gizlənib.
Bıçaqlanan vətəndaş ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, hazırda həkimlərin nəzarəti altındadır".
Cinayəti törətdikdən sonra hüquq-mühafizə orqanlarından yayınmağa çalışan şübhəli şəxs ölkəni tərk etmək istəyərkən ifşa olunub. Polislərin və sərhədçilərin koordinasiyalı və operativ əməliyyat-istintaq tədbirləri nəticəsində qatil Gürcüstan-Ermənistan sərhədində yerləşən "Sadaxlı" gömrük-keçid məntəqəsində saxlanılaraq qandallanıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi (Sağlamlığa qəsdən ağır zərər vurma) ilə rəsmi istintaq aparılır.
Sərhəddə tutulan şəxsi törətdiyi əmələ görə 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.