"Food Gallery"də zəhərlənmə şoku: 36 nəfəri xəstəxanalıq edən bakteriyalar açıqlandı

May 29, 2026 - 11:57
 0  28
"Food Gallery"də zəhərlənmə şoku: 36 nəfəri xəstəxanalıq edən bakteriyalar açıqlandı

Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən tanınmış qida obyekti "Food Gallery"də baş vermiş kütləvi zəhərlənmə hadisəsinin dəhşətli təfərrüatları bəlli olub.

Xeber.ge xəbər verir ki, Gürcüstan Milli Qida Agentliyi (SES) obyektdən götürülmüş qida nümunələrinin laboratoriya müayinələrinin cavablarını rəsmən açıqlayıb.

Xatırladaq ki, Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən (NCDC) daxil olan rəsmi məlumata görə, sözügedən məkanda 36 nəfər qidadan kütləvi şəkildə zəhərlənib. Bu səbəbdən agentlik hələ mayın 22-də obyektin istehsalat prosesini tamamilə dayandırmışdı.

Aparılan mikrobioloji araşdırmalar nəticəsində müəyyən olunub ki, obyektdə təqdim edilən Özbək plovu, göbələkli omlet, tərəvəz kokteyli, Tiramisu deserti və çiy toyuq filesi müəyyən olunmuş dövlət standartlarına cavab vermir.

Laboratoriya hesabatına əsasən, Özbək plovu, omlet, tərəvəz kokteyli və Tiramisuda aerob mikroorqanizmlərin miqdarı normadan qat-qat artıq çıxıb. Bununla yanaşı, qidalarda insan sağlamlığı üçün ciddi təhlüqə törədən "Qızılı stafilokok" (S.aureus) və koliform (bağırsaq çöpü) bakteriyaları aşkar edilib.

Milli Qida Agentliyi yaydığı rəsmi bəyanatda aşkar edilən "Qızılı stafilokok" bakteriyasının təbiəti və zəhərlənməyə necə yol açdığı barədə geniş elmi izahat verib:

"S.aureus (Qızılı stafilokok) şərti-patogen mikroorqanizmdir. Sağlam insanların 20-25%-i bu bakteriyanın daşıyıcısıdır, həmçinin heyvanların dərisində və selikli qişasında da tapılır. Adi şəraitdə bu mikrob xəstəlik törətmir. Lakin çirklənmiş qida məhsulları otaq temperaturunda saxlanıldıqda mikrob sürətlə çoxalır, xüsusi toksin (enterotoksin) ifraz edir və nəticədə qida zəhərlənməsinə (qastroenterit və ya bağırsaq iltihabına) səbəb olur".

Agentliyin rəyinə görə, obyektdə mikrobun çoxalmasına və kütləvi zəhərlənməyə aşağıdakı qayda pozuntuları zəmin yaradıb:

  • Qidaların lazımi dərəcədə termiki emala (bişirilməyə) məruz qalmaması;
  • Çarpaz çirklənmə (məsələn: çiy ət doğranan taxtanın yuyulub dezinfeksiya edilmədən digər hazır qidalar üçün istifadə olunması);
  • Qidaların qonşuluq (eyni mühitdə saxlanma) prinsipinin pozulması (məsələn: çiy yumurta ilə hazır salatın eyni rəfdə və ya məkanda yanaşı qoyulması);
  • İşçi heyətin şəxsi gigiyena qaydalarına riayət etməməsi.

 

Aşkar olunmuş bu rəzalətdən sonra Milli Qida Agentliyi biznes-operatordan təcili olaraq bütün işçi səthlərin, cihazların və avadanlıqların tam şəkildə yuyulub güclü dezinfeksiya edilməsini və təkrar yoxlama üçün yeni nümunələrin götürülməsini tələb edib.

Həmçinin müəssisədə çalışan bütün personalın sağlamlıq vəziyyətinin ciddi nəzarətə götürülməsi və onların tam laboratoriya müayinəsindən keçirilməsi barədə qəti tapşırıq verilib. Obyekt bütün nöqsanları tam aradan qaldırana və təkrar yoxlamalardan keçənə qədər fəaliyyət göstərə bilməyəcək.