İsanda supermarket qarəti
Tbilisinin İsan rayonunda azyaşlılar və yeniyetmələr tərəfindən törədilən növbəti cinayət hadisəsi qeydə alınıb.
Xeber.ge xəbər verir ki, gecə saatlarında rayonda yerləşən populyar "Ori Nabiji" supermarket şəbəkəsinin filallarından biri qarət olunub.
"Tv Pirveli" telekanalının yaydığı məlumata görə, bu gün səhər tezdən işə gələn mağaza əməkdaşları supermarketin qapılarının sındırıldığını və daxildəki bütün vitrinlərin, malların yerə tökülərək darmadağın edildiyini görüblər.
Hadisə nəticəsində ticarət obyektinə dəymiş maddi ziyanın dəqiq məbləği hələlik tam müəyyən edilməyib və mağazada inventarizasiya aparılır.
Lakin ilkin məlumatlara görə, yeniyetmə qarətçilər supermarketdən əsasən bahalı kofe markaları və müxtəlif növ siqaretlər oğurlayaraq hadisə yerindən qaçıblar.
Cinayətin baş verdiyi supermarketdə və onun ətraf perimetrində bir neçə saat ərzində Daxili İşlər Nazirliyinin ekspert-kriminalistləri araşdırma aparıblar, maddi sübutlar və barmaq izləri toplanılıb.
Polis əməkdaşları obyektdəki təhlükəsizlik və müşahidə kameralarının görüntülərini müsadirə ediblər. İlkin baxış və təhlillər nəticəsində hadisəni törədənlərdən bir azyaşlının şəxsiyyəti artıq müəyyənləşdirilib (identifikasiya olunub).
Hazırda qarətdə iştirak edən digər yeniyetmələrin də adlarının və gizləndikləri yerlərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Gürcüstan DİN faktla bağlı Cinayət Məcəlləsinin 177-ci maddəsi (Oğurluq) ilə rəsmi istintaq başladıb.