Azyaşlını dilənməyə məcbur edən iki nəfər saxlanıldı-VİDEO
Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları Baş Prokurorluqla birgə həyata keçirdikləri əməliyyat və istintaq tədbirləri nəticəsində azyaşlının insan alverinə (traffikinqə) məruz qoyulması ittihamı ilə hakim qərarı əsasında iki nəfəri saxlayıblar.
XEBER.GE xeber verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, cinayət işi üzrə əldə edilmiş sübutlarla müəyyən edilib ki, təqsirləndirilən şəxslər maddi qazanc əldə etmək məqsədilə insan alveri planı hazırlayıblar. Həmin planın həyata keçirilməsinə saxlanılan şəxslərdən birinin azyaşlı övladını da cəlb ediblər.
İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxslər əmək istismarı məqsədilə azyaşlını fiziki zorakılıq, psixoloji təzyiq və zorakılıq hədələri ilə dilənməyə, hər gün 100 lari toplamağa məcbur ediblər. Toplanan pulu isə özləri mənimsəyiblər. Azyaşlı tələb olunan məbləği toplaya bilmədikdə, onu döyüblər.
İstintaq çərçivəsində hakim qərarı əsasında aparılan gizli istintaq tədbirləri nəticəsində təqsirləndirilən şəxslərin cinayət əməllərini təsdiqləyən çoxsaylı sübutlar əldə edilib.
Hazırda zərərçəkmiş azyaşlı Dövlət Qayğı və İnsan Alveri Qurbanlarına, Zərərçəkmişlərə Yardım Agentliyinin xidmət mərkəzində yerləşdirilib. Onun sağlamlığı üçün təhlükə yoxdur.
Faktla bağlı Cinayət Məcəlləsinin 143²-ci maddəsinin 2-ci və 3-cü hissələri ilə istintaq aparılır. Həmin maddələr 17 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.