Avropa İttifaqı viza rejimini sərtləşdirməyi planlaşdırır

Avropa İttifaqı 2025-ci ilin ikinci yarısında Aİ-yə 61 ölkə ilə vizasız gediş-gəliş rejiminin dayandırılmasını asanlaşdıracaq qanunun qəbulunu planlaşdırır.
Bu barədə məlumatı “Azadlıq" radiosunun Avropa bürosunun redaktoru Rikard Yozvyak yayıb.
Ötən həftə bu qanunvericiliklə bağlı Avropa Parlamenti, Avropa Komissiyası və Avropa İttifaqı Şurası arasında ilk görüş keçirilib.
Tərəflər məqsəd qoyurlar ki, razılaşma Avropa İttifaqı Şurasına Polşanın sədrlik etdiyi müddət ərzində əldə edilsin.
Əgər razılıq əldə olunarsa, yeni qanunvericilik payızın əvvəlində qüvvəyə minəcək.
Yozvyakın sözlərinə görə, hazırkı mexanizm – hansı ki, 2018-ci ildən qüvvədədir – aydın pozuntular olduqda işə düşə bilər: Əgər vətəndaşlar vizasız rejim çərçivəsində Aİ ərazisində 90 gündən artıq qalarsa, yaxud vizasız rejimdən Aİ-də sığınacaq axtarmaq üçün istifadə edərlərsə.
Yozvyak qeyd edir ki, yeni qanunvericilikdə dayandırma üçün yeni əsas kimi Aİ ilə vizasız rejimdən faydalanan ölkələr arasında siyasi münasibətlər də göstərilir.
Qanun layihəsində deyilir ki, vizasız rejimin dayandırılması “insan hüquqlarının” və ya “beynəlxalq hüquq və standartların ciddi şəkildə pozulması, o cümlədən insan hüquqları qanunvericiliyinə və beynəlxalq məhkəmələrin qərarlarına əməl olunmaması” hallarında mümkün olacaq.
mənbə: marneulifm