Tbilisinin bələdiyyə sığınacağında heyvanlara qarşı qəddar rəftar-VİDEO

Apr 2, 2026 - 20:32
 0  34

Gürcüstan paytaxtında heyvan hüquqları müdafiəçiləri Tbilisi Meriyasının tabeliyində olan bələdiyyə sığınacağındakı acınacaqlı vəziyyətlə bağlı aksiya keçiriblər.

Xeber.ge xeber  verir ki, sığınacağa daxil olan fəallar orada antisanitariya, ağır xəstəliklərdən əziyyət çəkən küçə heyvanları və epilepsiya tutmaları keçirən sahibsiz itlərlə qarşılaşıblar.

  Etirazçılar bildiriblər ki, son həftələr paytaxt küçələrindən yoxa çıxan onlarla itin izini fekalilərlə dolu volyerlərdə tapıblar. İddialara görə, sığınacaq rəhbərliyi həmin heyvanların yeri barədə onlara himayədarlıq edən şəxslərə qəsdən yanlış məlumat verib. Volyerlərin böyük hissəsində heyvanın haradan və hansı şikayətlə gətirildiyi barədə zəruri məlumatların qeyd olunmadığı aşkar edilib.

  Heyvan hüquqları müdafiəçiləri məlumatların gizlədilməsinin əsl səbəbinin heyvanların səssiz-səmiriz yatırılaraq məhv edilməsi olduğunu ehtimal edirlər. Sakinlər tərəfindən aparılan şəxsi araşdırmalar və müşahidə kameralarının görüntüləri sübut edib ki, Qida Təhlükəsizliyi Xidmətinin heyvanları aparmadıqları barədə açıqlamaları həqiqəti əks etdirmir.

  Günün sonunda Tbilisi Meriyası məsələ ilə bağlı rəsmi bəyanat yayıb. Kaxa Kaladzenin rəhbərlik etdiyi qurum sığınacağın ərazisinə icazəsiz daxil olan və oradakı vəziyyəti görüntüləyən heyvan hüquqları müdafiəçilərinə qarşı hüquqi müstəvidə ciddi tədbirlər görüləcəyi ilə hədələyib.

Hazırda paytaxt küçələrindən aparılan onlarla itin aqibəti naməlum qalmaqda davam edir.