Avropa İttifaqında sərnişinlərə aviabiletin pulunu 14 gün ərzində qaytarmaq qaydası təsdiqlənib

Oct 21, 2026 - 21:22
 0  16
Avropa İttifaqında sərnişinlərə aviabiletin pulunu 14 gün ərzində qaytarmaq qaydası təsdiqlənib

Avropa Parlamenti sərnişinlərin nəqliyyat vasitələrinin hərəkətində yaranan problemlər zamanı pullarını geri almasını asanlaşdıracaq yeni qaydaları təsdiqləyib. Yeni qaydalara əsasən, sərnişinlər ödənişin tam geri qaytarılmasını standart forma vasitəsilə tələb edə biləcəklər.

Tənzimləməni 652 avroparlamentari dəstəkləyib, iki nəfər əleyhinə səs verib, səkkiz nəfər isə səsvermədə iştirakdan çəkinib.

XEBER.GE xeber  verir ki, yeni qaydaların əsas yeniliklərindən biri aviabiletin dəyərinin tam geri qaytarılması öhdəliyidir. Buraya sərnişinin bilet bron edərkən vasitəçi şirkətə ödədiyi komissiya da daxildir. Qaydalar həm birbaşa Avropa İttifaqı ərazisində, həm də üzv olmayan ölkələrdən Avropa İttifaqına uçuşlar həyata keçirən şirkətlərə şamil olunur.

Tənzimləməyə əsasən, Avropa İttifaqı üzrə sərnişinlər pulun geri qaytarılmasını Avropa Komissiyasının internet saytında İttifaqın bütün rəsmi dillərində əlçatan olacaq vahid standart forma vasitəsilə tələb edə biləcəklər. Forma bütün nəqliyyat növlərinə şamil ediləcək. Sərnişinlər ödənişin tam məbləğini 14 gün ərzində geri almaq hüququna malik olacaqlar.

Pulun qaytarılması öhdəliyi turizm agentlikləri və onlayn bilet bronlaşdırma platformaları da daxil olmaqla vasitəçi şirkətlərə də şamil ediləcək. Əvvəlki qanunvericilikdə onların məsuliyyəti aydın şəkildə müəyyən edilməmişdi. Vasitəçi şirkət müəyyən edilmiş müddətdə pulu qaytarmadığı halda, bu öhdəlik aviaşirkətin üzərinə düşəcək.

Yeni tənzimləmə əlilliyi olan sərnişinlərin hüquqlarının qorunmasını da gücləndirir. Zərurət yarandıqda, onları müşayiət edən şəxslər təyyarə ilə ödənişsiz səyahət edə biləcəklər. Oxşar qayda artıq avtobus, qatar və gəmi nəqliyyatında tətbiq olunur.

Avropa Parlamenti tərəfindən təsdiqlənən tənzimləmə iyul ayında qəbul edilmiş və hava sərnişinlərinin hüquqlarının qorunmasını nəzərdə tutan dəyişikliklərə əsaslanır. Həmin dəyişikliklər pulun geri qaytarılması prosedurlarının sadələşdirilməsini və aviaşirkətlərin bilet qiymətinə bir ədəd əl yükünün ödənişsiz daşınmasını daxil etməsini nəzərdə tutur.

Sərnişinlər əlavə ödəniş etmədən təyyarənin salonuna bir kiçik şəxsi əşya, məsələn, əl çantası və ya bel çantası götürə biləcəklər. Onun ölçüləri 40 × 30 × 15 santimetrdən çox olmamalı və ya əşya ön oturacağın altına yerləşməlidir.

Avropa Parlamentinin əvvəlcə irəli sürdüyü və əlavə olaraq 7 kiloqramadək əl yükünün ödənişsiz daşınmasını nəzərdə tutan təklif isə yekun tənzimləməyə daxil edilməyib.

Bundan əlavə, yeni tənzimləmə milli nəzarət orqanlarına əlavə səlahiyyətlər verir. Onlar sərnişin hüquqlarının mümkün pozuntularını öz təşəbbüsləri ilə araşdıra, audit və yoxlamalar keçirə, həmçinin daşıyıcı şirkətlərin nümayəndələrini dindirə biləcəklər.

Yeni qaydaların 2027-ci il oktyabrın 23-dən qüvvəyə minməsi planlaşdırılır. Bunun üçün əvvəlcə tənzimləmə Avropa İttifaqı Şurası tərəfindən rəsmi şəkildə təsdiqlənməli, daha sonra isə Aİ-nin rəsmi jurnalında dərc olunmalıdır. Həmin vaxta qədər sərnişin hüquqlarının qorunmasına dair mövcud qanunvericilik qüvvədə qalacaq.