Gürcüstanda narkotik cinayətlərinə görə 142 nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin direktoru Davit Kiknadze brifinqdə bildirib ki, genişmiqyaslı polis əməliyyatları nəticəsində narkotik cinayətləri ilə bağlı 142 nəfər saxlanılıb. Onlardan 62-si müxtəlif formalarda narkotiklərin satışında iştirak etməkdə şübhəli bilinir.
Mərkəzi Kriminal Polis Departamentinin direktorunun sözlərinə görə, saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.
XEBER.GE xeber verir ki, Davit Kiknadze bildirib ki, Daxili İşlər Nazirliyinin müvafiq bölmələri ölkə üzrə narkotik cinayətlərinə qarşı kompleks polis tədbirlərini fasiləsiz davam etdirirlər.
İntensiv istintaq tədbirləri nəticəsində əldə edilən sübutlar saxlanılan şəxslərin narkotik vasitələrin qanunsuz satışını mütəmadi həyata keçirdiklərini göstərir.
İttiham olunanlar narkotik vasitələrin satışı və yayılması üçün müxtəlif üsullardan istifadə ediblər. Belə ki, narkotikləri həm birbaşa, əlbəəl ötürməklə, həm də internet tətbiqləri və sosial şəbəkələr vasitəsilə satıblar.
Bundan əlavə, onlar narkotik vasitələri əvvəlcədən müəyyən edilmiş yerlərdə gizlədib, daha sonra maraqlanan şəxslərə həmin yerlərin koordinatlarını və fotoşəkillərini göndəriblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hakim qərarı əsasında həyata keçirilən nəzarətli narkotik alışları, saxlanılan şəxslərin üzərində, yaşayış evlərində və avtomobillərində aparılan axtarışlar, eləcə də onların göstərdiyi yerlərdən külli miqdarda narkotik vasitələr və psixotrop maddələr götürüblər. Bunların arasında kokain, metadon, heroin, alfa-PVP, amfetamin, preqabalin, marixuana və digər maddələr var.
İstintaq tədbirləri nəticəsində polis narkotik vasitələrin qablaşdırılması üçün materiallar, elektron tərəzilər, ehtimal ki, narkotiklərin qanunsuz satışından əldə edilmiş pul vəsaitləri, qanunsuz əldə edilmiş odlu silahlar və döyüş sursatları da müsadirə edib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 260³-cü, 260⁴-cü, 261-ci, 25-260-cı, 265¹-ci və 236-cı maddələri ilə istintaq aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Daxili İşlər Nazirliyi narkotik cinayətlərinə qarşı mübarizəni fəal şəkildə davam etdirir. Əsas məqsədimiz narkotiklərin qanunsuz dövriyyəsində iştirak edən şəxsləri müəyyən etmək, narkotik satışının qarşısını almaq və cinayətdə iştirak edən şəxslərin qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunmasını təmin etməkdir.
Bu istiqamətdə polis tədbirləri ölkə üzrə intensiv şəkildə davam etdiriləcək”, – deyə Davit Kiknadze bildirib.