Cəbhədə unikal xilasetmə: Yaralı ukraynalı döyüşçü PUA ilə ərazidən çıxarılıb - Video
Ukrayna ordusunun PUA operatorları cəbhə xəttindəki yaralı hərbçini dron vasitəsilə xilas edərək unikal təxliyə əməliyyatı gerçəkləşdiriblər.
XEBER.GE xeber verir ki, bu barədə Ukrayna ordusundan rəsmi məlumat verilib.
Bildirilir ki, ukraynalı döyüşçü cəbhədə olarkən yaralanıb və onun təxliyəsinə ehtiyac yaranıb. Lakin ərazinin minalanması və çox sayda Rusiya PUA-sının mövcudluğu səbəbindən bunu yerüstü robotlaşdırılmış komplekslə etmək mümkün olmayıb. Bu səbəbdən xilasetmə üçün Xüsusi Hücum Briqadasının hərbçiləri tərəfindən əməliyyatın tələblərinə uyğunlaşdırılmış, Ukrayna istehsalı olan ağır heksakopterdən (6 rotor və mühərriki olan pilotsuz uçuş aparatıdır) istifadə edilib.
"Çox mürəkkəb, lakin nəticə verən bir əməliyyatdır. İndi bu cür missiyaların davamlı olaraq həyata keçirilməsi üçün sistemli işlərə başlanılır", - deyə dronun hazırlanmasında iştirak edən hərbçilərdən biri bildirib.
Qeyd edilib ki, xilas edilən hərbçi sadəcə təxliyəni gözləməyib, eyni zamanda, əks tərəfin hücumlarını dəf etməyə davam edib. Nəticə etibarilə, döyüşçü təxliyə nöqtəsinə uğurla çatdırılıb. Hazırda o, müalicə və reabilitasiya keçir, həyatı üçün heç bir təhlükə yoxdur.
Heksakopteri idarə edən dron operatoru bildirib: "Biz döyüş yoldaşımıza xüsusi ləvazimatlar göndərdik və ondan necə istifadə ediləcəyinə dair videotəlimat yazdıq. Hər şeyin uğurla alınmasına çox şadam. Əməliyyat çox yaxşı planlaşdırılmışdı və orada xeyli insan iştirak edirdi".
mənbə: oxu.az