Siğnağidə keçmiş məhkum bir nəfərə ağır xəsarət yetirib
Gürcüstan Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin Siğnaği Rayon İdarəsinin əməkdaşları sağlamlığa qəsdən ağır zərər vurma cinayətinin üstünü açıblar.
Xeber.ge xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxs yaxalanıb.
İstintaq materialları ilə müəyyən edilib ki, insident Siğnaği bələdiyyəsinin kəndlərindən birində qeydə alınıb. Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə zəminində bir kişiyə qarşı fiziki zorakılıq tətbiq edərək ona ağır bədən xəsarətləri yetirib.
Aldığı xəsarətlər nəticəsində vəziyyəti ağırlaşan zərərçəkmiş şəxs təcili tibbi yardım briqadası tərəfindən müvafiq müalicə alması üçün xəstəxanaya çatdırılıb.
Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi operativ-istintaq tədbirləri nəticəsində cinayəti törədən keçmiş məhkum "isti izlər"lə müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi (sağlamlığa qəsdən ağır zərər vurma) ilə cinayət işi davam etdirilir. Qanunvericiliyin bu bəndinə əsasən, təqsirləndirilən şəxsi 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.