Tbilisidə qəsdən adam öldürməyə cəhd edən şəxs saxlanılıb
Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidə baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı bir nəfəri saxlayıb. Paytaxtın Didube-Çuğureti rayon idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində 1987-ci il təvəllüdlü D.E. şübhəli şəxs qismində yaxalanıb.
Xeber.ge xeber verir ki,
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs aralarında əvvəllər mövcud olmuş münaqişə səbəbindən öz həmyaşıdı, 1987-ci il təvəllüdlü O.Q.-yə soyuq silahla xəsarət yetirib. Hadisəni törətdikdən sonra D.E. ərazidən qaçaraq gizlənib.
Yaralı şəxs dərhal xəstəxanaya yerləşdirilib. Hazırda ona müvafiq tibbi yardım göstərilir.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi (Qəsdən adam öldürməyə cəhd) ilə cinayət işi başlanılıb. Keçirilmiş çevik əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qısa müddətdə saxlanılaraq istintaqa cəlb olunub.
Sözügedən maddə üzrə təqsirləndirilən şəxsi 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Hazırda istintaq davam etdirilir.