Gürcüstanın keçmiş baş prokuroru axtarışa verildi
Gürcüstanın keçmiş baş prokuroru Otar Partsxaladze Levan Canqveladzenin qətlə yetirilməsi işi üzrə məsuliyyətə cəlb olunub.
Bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze brifinqdə deyib.
Onun sözlərinə görə, istintaqla Partsxaladzenin cinayətkar qrupun başçısı kimi Levan Canqveladzenin qəsdən öldürülməsinə rəhbərlik etdiyi müəyyən edilib.
Sabiq baş prokuror qəsdən adam öldürmənin təşkilində ittiham olunur. Bu cinayət əməlinə görə 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulur.
Gürcüstanın Baş Prokurorluğu Partsxaladze barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət edəcək və onunla bağlı beynəlxalq axtarış elan olunacaq.
Qeyd edək ki, Levan Canqveladze iş adamı olub, bu ilin martın 14-də Tbilisidə qətlə yetirilib. O, kriminal avtoritet Merab Suxumskinin qardaşı idi.
mənbə: axar