Deputatların penitensiar müəssisəyə girişinə dair qaydalar dəyişir

Apr 11, 2025 - 19:32
 0  19
Deputatların penitensiar müəssisəyə girişinə dair qaydalar dəyişir

Yeni parlament reqlamenti layihəsinə əsasən,deputatın penitensiar müəssisəyə xüsusi icazə olmadan bir dəfəlik daxil olmasına yalnız Parlament sədri razılıq verə biləcək.

Hakim “Gürcü Arzusu” partiyası tərəfindən hazırlanmış yeni reqlament layihəsində penitensiar müəssisələrə girişlə bağlı dəyişikliklər nəzərdə tutulur.

Hazırda qüvvədə olan qaydalara əsasən, deputatlar şəxsi müraciətlə, komitənin və ya müvəqqəti istintaq komissiyasının və ya Parlament sədrinin göstərişi ilə penitensiar müəssisəyə xüsusi icazə olmadan daxil ola bilərlər. Bundan əlavə, parlament sədri özü də belə icazə olmadan cəzaçəkmə müəssisəsinə daxil ola bilər.

Yeni reqlamentə görə isə yalnız Parlament sədri əvvəlki hüququnu saxlayacaq – yəni o, xüsusi icazə olmadan müəssisəyə daxil ola biləcək. Qalan deputatlar isə yalnız Parlament sədrinin bir dəfəlik yazılı razılığı ilə penitensiar müəssisəyə daxil ola biləcəklər.

Parlamentin sədri Şalva Papuaşvili bildirib ki, bu dəyişikliklərə səbəb əvvəlki çağırış parlamentdə “Vahid Milli Hərəkat”ın üzvlərinin sabiq prezident və məhkum Mixeil Saakaşvili ilə görüşlər üçün penitensiar müəssisəyə tez-tez səfərləri olub.

“Bütün komandası Saakaşvilinin saxlandığı müəssisədə demək olar ki, hər gün gecələməyə çalışırdı. Bu səfərləri rəsmi görüş deyil, sadəcə ‘paye-mən’ (görüş) vasitəsi kimi istifadə edirdilər. Mən bu praktikanın dayandırılacağını açıqladım. Lakin onlar bunun deputat hüququ olduğunu iddia etməyə başladılar, halbuki bu, qanunvericilikdə heç bir real əsasa malik deyildi. Bu dəyişikliklər, gələcəkdə bu cür sui-istifadələrin qarşısını almaq üçün edilir”, – deyə Papuaşvili bildirib.

Yeni reqlamentin 2025-ci il 1 iyul tarixindən qüvvəyə minməsi nəzərdə tutulur. Bu tarixdən etibarən hazırda qüvvədə olan, 2018-ci ildə qəbul olunmuş reqlament ləğv ediləcək.

mənbə: interpress