Tbilisidə qətl: Mənzildə əcnəbi qadını öldürən şəxs polisə təslim olub
Tbilisidə baş vermiş qanlı cinayətin yeni təfərrüatları məlum olub. Mqaloblişvili küçəsində yerləşən mənzillərdən birində 37 yaşlı xarici ölkə vətəndaşı olan qadın qətlə yetirilib.
Xeber/ge "TV Pirveli"yə istinadən verdiyi məlumata görə, qətli törətməkdə şübhəli bilinən şəxs 26 yaşlı Gürcüstan vətəndaşıdır.
Məlumata görə, qətlə yetirilən qadın bir neçə gün əvvəl Gürcüstana qonaq gəlibmiş və həmin mənzili kirayələyibmiş. İstintaqın ilkin versiyasına görə, hadisə tərəflər arasında pul üstündə yaranmış münaqişə zəminində baş verib. Bildirilir ki, saxlanılan şəxs qadından pul tələb (hədə-qorxu ilə tələb etmə) edib, mübahisə zamanı ona bıçaqla ölümcül xəsarətlər yetirərək hadisə yerindən qaçıb.
Hadisədən bir neçə saat sonra şübhəli şəxs könüllü olaraq polisə gələrək cinayətini etiraf edib və qətl silahını istintaqa təhvil verib.
Saxlanılan 26 yaşlı şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin "n" bəndi (Tamah məqsədilə qəsdən adam öldürmə) ilə ittiham irəli sürülüb. Bu maddə üzrə onu 16 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.
Qətl hadisəsi dünən Tbilisidə, Mqaloblişvili küçəsi, ev 1 ünvanında qeydə alınıb.