Qiorqi Baçiaşvili sərhədi qanunsuz keçmə işi üzrə məhkəmədə təqsirli bilinib
“Birgə İnvestisiya Fondu”nun keçmiş rəhbəri Qiorqi Baçiaşvili, hakim Jvebe Naçxebianın qərarı ilə sərhədi qanunsuz keçmə işi üzrə təqsirli bilinib və ona 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.
Hakim həmçinin eyni iş üzrə saxlanılan digər şəxsə – Şota Karumidzeyə də 4 il 6 ay həbs cəzası kəsib. İstintaq ona Qiorqi Baçiaşviliyə sərhədi qanunsuz keçməkdə kömək göstərmək ittihamını irəli sürmüşdü.
Qeyd edək ki, Qiorqi Baçiaşvili artıq “kriptovalyuta işi” üzrə məhkum edilmişdi. 2025-ci il martın 10-da Tbilisi Şəhər Məhkəməsi Bidzina İvanişvilinin keçmiş “şəxsi maliyyəçisini” qiyabi olaraq 11 il həbs cəzasına məhkum etmişdi.
Bu hökm elan olunmazdan bir neçə gün əvvəl, 2025-ci il martın 2-də məlum olmuşdu ki, Qiorqi Baçiaşvili ölkəni tərk edib. Prokurorluğun versiyasına görə, o, bunun üçün bir neçə ay hazırlaşmışdı. İttihama əsasən, 2025-ci il martın 2-də o, Gürcüstan–Ermənistan sərhədini icazəsiz, gizli şəkildə keçmişdi.
Sentyabrın 30-da keçirilən yekun iclasda Qiorqi Baçiaşvilinin vəkili Levan Maxaraşvili bildirdi ki, müvəkkili fövqəladə zərurət şəraitində hərəkət edib, çünki Gürcüstanda qalsaydı, həyatına təhlükə vardı.
Vəkil əlavə edib ki, bunu 2025-ci il iyulun 11-də penitensiar müəssisədə baş vermiş hücum faktı da sübut edir.
Son sözündə Qiorqi Baçiaşvili deyib:
“Mən günahkar deyiləm və yalnız öz həyatımı xilas etmək üçün ölkəni tərk etmək qərarı verdim. Mənim hərəkətim [sərhədi qanunsuz keçmək] fövqəladə zərurətlə bağlı idi. Bu, mənim işgəncəyə məruz qalmam faktı ilə də təsdiqlənir [Baçiaşviliyə həbsxanada məhbus tərəfindən fiziki zorakılıq göstərilib]. Buna görə də, özümə və yaxınlarıma qarşı ziyanı minimuma endirmək üçün əlimdən gələni etdim”.
O həmçinin valideynlərinə qarşı irəli sürülən ittihama da münasibət bildirib. İstintaq onları qanunsuz gəlirlərin leqallaşdırılmasında ittiham edir və təqsir sübuta yetirilsə, onlara 7 ildən 12 ilə qədər həbs cəzası verilə bilər.
“7 il əvvəl alınmış mənzil və 4 il əvvəl alınmış avtomobil guya pul yuyulması sxemidir və bu səbəbdən valideynlərim ittiham olunmalıdır… 75 yaşlı atam, ömrünü pasiyentlərə həsr etmiş cərrah və 65 yaşlı anam, göz həkimi, indi cinayətkar kimi təqdim olunurlar – bu absurddur və utancvericidir. Bunun ədliyyə ilə heç bir əlaqəsi yoxdur. Xahiş edirəm, bunları nəzərə alasınız. Təəssüf ki, bugünkü məhkəmənin müstəqilliyinə əmin ola bilmirəm, amma xahiş edirəm, siz maksimum müstəqil olasınız. Mən heç vaxt cinayətkar olmamışam, indi də deyiləm və bütün ömrümü vətənimə xidmət etmişəm”, – deyə Baçiaşvili hakimə müraciət edib.
Hakim Jvebe Naçxebia sərhədi qanunsuz keçmək işi üzrə saxlanılan digər şəxs – Şota Karumidzeyə də 4 il 6 ay həbs cəzası verib. Ona qarşı Qiorqi Baçiaşviliyə sərhədi qanunsuz keçməkdə kömək ittihamı irəli sürülmüşdü.
mənbə: marneulifm.ge