“Metal+” şirkətinin direktoru 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, o, büdcə vəsaiti ilə 1 mənzil və 4 avtomobil alıb

Sep 22, 2025 - 19:25
 0  13
“Metal+” şirkətinin direktoru 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, o, büdcə vəsaiti ilə 1 mənzil və 4 avtomobil alıb

Tbilisi Şəhər Məhkəməsi dövlətin kontraktor şirkəti olan “Metal+” rəhbərinə hökm oxuyub.

İstintaq ona külli miqdarda dövlət vəsaitini mənimsəməyi və qanunsuz yolla əldə olunmuş gəlirləri leqallaşdırmağı ittiham kimi irəli sürmüşdü.

Biznesmen 2024-cü ilin dekabrında həbs olunmuşdu və məhkəmə işi bu günə qədər davam edirdi. Məhkəmənin qərarı ilə kontraktor şirkətin rəhbərindən cinayət yolu ilə əldə etdiyi əmlak – 1 mənzil və 4 avtomobil müsadirə edilib. İstintaqın versiyasına görə, o, bu əmlakı Saqareco bələdiyyəsində turizm infrastrukturunun yaradılması üçün qazanılmış tenderdə ayrılan büdcə pulları ilə almışdı.

Prokurorluğun məlumatına görə, Saqareco meriyası ilə “Metal+” arasında 1 091 329 lari dəyərində müqavilə imzalanıb. Bu çərçivədə şirkətin hesabına 893 522 lari köçürülüb, onun da 763 931 larisi avans kimi ödənilib.

Şirkət öhdəliklərini yerinə yetirməyib, vəsaitin yalnız cüzi hissəsini müqavilə öhdəliklərinə sərf edib, qalanını isə qanunsuz mənimsəyib. Mənimsənilmiş pulların leqallaşdırılması üçün isə mənzil və avtomobillər alıb – onların ümumi dəyəri 680 682 lari qiymətləndirilib.

“Metal+” rəhbəri Qiorqi Muzaşvili hakim partiya “Gürcü Arzusu”nun donorudur – o, 2024-cü ilin martında, həbs olunmazdan bir neçə ay əvvəl, partiyaya 50 000 lari ianə etmişdi.

2011-ci ildə təsis edilmiş “Metal+” üçün Saqareco meriyası yeganə dövlət sifarişçisi olmayıb – şirkət ümumilikdə 25 milyon lari dəyərində tender udub, onlardan 11-i sadələşdirilmiş satınalma yolu ilə əldə edilib. Saqareco ilə də şirkət 2022-ci ildə sadələşdirilmiş müqavilələr bağlamışdı.

“Metal+”ın dövlət kontraktorları arasında Tbilisi Uşaq Bağçaları İdarəetmə Agentliyi, “Sportmshenservisi” MMC, Mtsxeta və Duşeti meriyaları da var.

Qiorqi Muzaşvili “Metal+”dan əlavə daha iki şirkətin – “Yeni Tikinti Qrupu” və “Gab Georgia”nın da ortağıdır. Sonuncu da dövlət satınalmalarında fəal iştirak edib, bir çox iri tenderlərdə qalib gəlib və Tbilisi Uşaq Bağçaları İdarəetmə Agentliyi, Tbilisi meriyası və Təhsil və Elm İnfrastruktur Agentliyi ilə müqavilələr bağlayıb.

mənbə: marneulifm.ge