Mestiyada "kripto-reyd": 42 mayner müsadirə edildi-VİDEO
Gürcüstan Daxili İşlər Nazirliyi Mestiya bələdiyyəsində qanunsuz yollarla kriptovalyuta istehsalı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat keçirib.
Nazirliyin yaydığı məlumata görə, aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində daha 42 ədəd "mayner" aşkar edilərək maddi sübut kimi götürülüb.
Xeber.ge xəbər verir ki, istintaqla müəyyən edilib ki, yerli sakinlər bu qurğulardan istifadə edərək külli miqdarda elektrik enerjisini qanunsuz və qeyri-qanuni yollarla sərf etməklə, sistemli şəkildə rəqəmsal valyuta yaradıb və bu yolla qeyri-leqal gəlirlər əldə ediblər.
Hüquq-mühafizə orqanları cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilməsi və onlara qarşı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün araşdırmaları intensiv rejimdə davam etdirir.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 229-cu maddəsinin 2-ci hissəsinin "b" bəndi ilə cinayət işi başlanılıb. Sözügedən maddə 3 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Məsələ ilə bağlı araşdırmalar davam edir.