Kadr dəyişikliklərinin əsas səbəbi koordinasiyanın gücləndirilməsidir
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə həyata keçirilən kadr dəyişikliklərinin əsas səbəblərini açıqlayıb.
Baş nazir jurnalistlərə bildirib ki, qərarın arxasında duran əsas amil hüquq-mühafizə orqanları arasında koordinasiyanın gücləndirilməsi zərurətidir.
Onun sözlərinə görə, bu qurumlar gündəlik olaraq birgə həll edilməli olan çoxsaylı məsələlərlə üzləşir: "Kadr dəyişikliklərinin əsası çox sadədir – hüquq-mühafizə orqanları arasında sıx və daha da gücləndirilmiş koordinasiyaya ehtiyacımız var".
İ.Kobaxidze qeyd edib ki, son aylarda, xüsusilə "4 oktyabr hadisələri" zamanı bu sahədə müsbət təcrübə formalaşıb və qurumlar arasında effektiv əməkdaşlıq təmin olunub. Lakin həmin koordinasiya rəsmi şəkildə tənzimlənməyib.
Baş nazir vurğulayıb ki, yeni yaradılan mexanizmlər vasitəsilə bu əməkdaşlıq artıq institusional çərçivədə davam etdiriləcək: "İndi rəsmiləşdirilmiş, güclü koordinasiya ilə işləməyə davam etmək imkanımız var".
Hökumət başçısı əlavə edib ki, bütün məsələləri şəxsi nəzarətdə saxlamaq mümkün olmadığından yeni vəzifənin yaradılması tamamilə praqmatik qərardır və məhz bu ehtiyacdan irəli gəlir.
Qeyd edək ki, son günlərdə Gürcüstanda bir sıra dövlət strukturunda kadr islahatları aparılır. Belə ki, Hüquq-mühafizə orqanlarının koordinasiyası üzrə dövlət naziri vəzifəsi təsis olunacaq. Yeni yaradılacaq vəzifəni Mamuka Mdinaradze tutacaq.
Həmçinin, Baş nazir müavinlərinin sayı ikidən üçə çatdırılacaq. Xarici işlər naziri Maka Boçorişviliyə də Baş nazirin müavini səlahiyyətləri həvalə olunacaq.
Bundan başqa, Sulxan Tamazaşvili Gürcüstanın yeni daxili işlər naziri təyin edilib. Eks daxili işlər naziri Geka Geladze isə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri vəzifəsini icra edəcək. Onun namizədliyi yaxın sessiya həftəsində təsdiq olunması üçün parlamentə təqdim olunacaq.
mənbə: report