Böyük məbləğdə əmlak zərəri ittihamı ilə 3 nəfər saxlanılıb

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, dələduzluq yolu ilə böyük həcmdə əmlaka ziyan vurmaqda ittiham olunan cinayət qrupunun üç üzvü saxlanılıb.
İstintaqın məlumatına əsasən, təqsirləndirilən şəxslər cinayəti gizlətmək məqsədilə şirkətləri Abxaziyanın işğal olunmuş ərazisində yaşayan şəxslərin adına rəsmiləşdiriblər. Daha sonra saxta vergi sənədləri tərtib edərək öz aralarında 151 milyon lari dəyərində metal konstruksiyalar və metalyığımı sənədləşdiriblər. Bu yolla 20 336 923 lari həcmində saxta ƏDV (Əlavə Dəyər Vergisi) aktivləri yaradılıb.
“İttiham olunanların nəzarətində olan şirkətlərdən biri tərəfindən 563 353 lari məbləğində ƏDV bəyannaməyə daxil edilib və bu məbləğ tam şəkildə mövcud vergi öhdəliklərinin ödənilməsinə yönəldilib. Hal-hazırda dövlət büdcəsinə vurulan ziyanın dəqiq miqdarının müəyyənləşdirilməsi və cinayətdə iştirak edən digər şəxslərin ifşası istiqamətində tədbirlər davam etdirilir”, – deyə Gəlirlər Xidmətinin bəyanatında bildirilir.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 185-ci maddəsinin 3-cü hissəsinin “a” və “b” bəndləri, eləcə də 210-cu maddənin 2-ci hissəsinin “a” bəndi ilə aparılır. Bu cinayətlər 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
mənbə: marneulifm