"Varketili" metro stansiyasının bərpası dövründə sərnişinlərə əlavə avtobus xidmət göstərəcək

"Varketili" metro stansiyasının bərpası dövründə müvəqqəti olaraq əlavə marşrut təyin olunacaq.
Tbilisi meri Kaxa Kaladzenin sözlərinə görə, 174 saylı avtobus sərnişinləri ən yaxın metro stansiyasına çatdıracaq.
“İşlərin sərnişin hərəkəti zamanı aparılması mümkün deyil. Buna görə də stansiya müəyyən müddətə bağlanacaq və qeyd olunan ərazidən – konkret olaraq Cavaxeti və Liza Nakaşidze-Bolkvadze küçələrinin kəsişməsindən – müvəqqəti №174 avtobus marşrutu fəaliyyətə başlayacaq. Bu avtobus sərnişinləri ən yaxın metro stansiyasına çatdıracaq. Avtobus dairəvi şəkildə hərəkət edəcək – “Samqori” metro stansiyasının yuxarı çıxışından “Varketili” metro stansiyasının yaxınlığına qədər və əks istiqamətdə,” – Kaladze bildirib.
Kaxa Kaladze vətəndaşlardan yaranmış narahatlığa görə üzr istəyib və qeyd edib ki, “bu tipli işləri başqa cür yerinə yetirmək mümkün deyil.”
“Mənim hökumətin əvvəlki iclasında qeyd etdiyim kimi, “Varketili” metro stansiyası bərpa işlərinin həcmi və texnoloji xüsusiyyətləri nəzərə alınmaqla, sərnişinlərin təhlükəsizliyini təmin etmək və işlərin müddətini qısaltmaq məqsədilə 12 iyul tarixindən 45 gün müddətinə fəaliyyətini dayandıracaq.
Bu müddət ərzində müvafiq layihə çərçivəsində tavanın korroziyaya uğramış və zədələnmiş səthləri təmizlənəcək və işlənəcək, tağın arxasında mövcud olan boşluqlar xüsusi texniki məhlullarla doldurulacaq. Həmçinin tağın temperatur tikişlərinin hermetizasiyası yeraltı suların sızmasının qarşısını almaq məqsədi ilə həyata keçiriləcək. Maili eskalator tunelindəki dəmir dayaqlar da bərpa olunacaq,” – Kaxa Kaladze bildirib.
Onun sözlərinə görə, bu mərhələ başa çatdıqdan sonra birbaşa üzlük (mərmər/keramika) işləri yenilənəcək və onların bu ilin payızında başa çatdırılması planlaşdırılır.
mənbə: marneulifm