Ukrayna tərəfdə döyüşdüyünə görə Aleko Elisaşvili barəsində Rusiyada axtarış elan olunub
Rusiyanın Baş Prokurorluğu 5 avqust 2025-ci il tarixində Gürcüstanlı siyasətçi, “Lelo”/“Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri olan Aleksandre (Aleko) Elisaşvili barəsində beynəlxalq axtarış elan edib.
Ona qiyabi olaraq ittiham irəli sürülüb və Ukraynada döyüşdüyünə görə barəsində cinayət işi açılıb. İstintaq onu Ukrayna tərəfində “muzdlu döyüşçü” kimi fəaliyyət göstərməkdə ittiham edir. Araşdırmalar tamamlandıqdan sonra iş Rusiya tərəfindən işğal olunmuş Donetskdəki qondarma “Xalq Respublikası”nın məhkəməsinə göndərilib.
Elisaşviliyə qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 359-cu maddəsinin 3-cü bəndinə əsasən (silahlı münaqişədə muzdluluqla iştirak) qiyabi olaraq ittiham irəli sürülüb.
Rusiyanın prokurorluğu bildirir ki, 2022-ci ilin martında Elisaşvili Ukraynada “Gürcü Legionu”nun tərkibində döyüşüb, o cümlədən Kiyev vilayətinin İrpen şəhərindəki döyüşlərdə iştirak edib. 2022-ci ilin aprelində Ukraynanı tərk edərək Gürcüstana qayıdıb.
Qondarma məhkəmə onun barəsində qiyabi olaraq həbs qətimkan tədbiri seçib.
Aleko Elisaşvili bu xəbərə “TV Pirveli”nin efirində belə cavab verib:
“Əsgər olanda, polkovnik rütbəsi veriləndə necə sevinirsən, bax, elə bir hiss yaşayıram. Rusların mənim Ukrayna xalqına dəstəyimə görə bu qərarı qəbul etməsi mənim üçün böyük şərəfdir. Bu qəhrəman, fədakar və canını fəda edən xalqa görə, həm də Gürcüstanın milli maraqlarını müdafiə etdiyim üçün bu qərarı verdilər.”
O əlavə edib: “Məni Ukraynaya aparan əsas səbəb Gürcüstanla Ukraynanın ortaq düşməninə qarşı vuruşmaq və Gürcüstanın maraqlarını qorumaq idi.”
Aleko Elisaşvili — həmin vaxt “Vətəndaşlar” partiyasının lideri və parlament üzvü idi — Rusiyanın Ukraynaya tammiqyaslı hücumundan az sonra, 2022-ci ildə Ukraynaya döyüşməyə yollanmışdı. 13 mart tarixində o, Facebook-da Ukraynaya döyüşməyə getdiyini paylaşmışdı. Bu günə qədər də Ukraynada döyüşən bir çox Gürcüstan vətəndaşı var. 60-dan çox gürcü döyüşdə həlak olub.
Aleko Elişvili o zaman demişdi:
“Heç vaxt laqeyd olmamışam. Başqasının dərdinə göz yumaraq yaşaya bilməzdim. İndi Ukrayna çətin vəziyyətdədir – bizim sevinc və kədərimizi bölüşən ukraynalılar. Onlar bizim ortaq düşmənimizə qarşı döyüşürlər. Bu mübarizəyə uzaqdan baxa bilməzdim. Ona görə də buradayam – Ukraynada. Xarici könüllülərdən ibarət legiondayam. Düşmən məğlub edilməlidir.”
Elisaşvili həmin il, 2022-ci il aprelin 19-da Gürcüstana qayıdaraq siyasi fəaliyyətini davam etdirdi.
2024-cü il parlament seçkiləri ərəfəsində o, Mamuka Xazaradzenin “Lelo” partiyası ilə birləşərək “Güclü Gürcüstan” koalisiyasını yaratdı və bu günədək onun liderlərindən biridir. O, bir neçə partiyanın boykot etdiyi bələdiyyə seçkilərində iştirak etməyi planlaşdırır.
Qeyd edək ki, Aleko Elisaşvili Gürcüstanda da ittiham olunur.
Ona qarşı “Gürcü Arzusu” partiyasının üzvü Əli Babayevə qarşı “fiziki və sözlü təhqirə” görə 2024-cü il 2 dekabr tarixli iş çərçivəsində cinayət işi açılıb. O, girov qarşılığında azadlıqdadır, lakin təqsirli bilinərsə, onu 3 ilədək həbs cəzası gözləyir.
mənbə: marneulifm