Yerli seçkilərə ATƏT/ODİHR missiyasının dəvətinə ehtiyac yoxdur

Jun 19, 2025 - 20:17
 0  9
Yerli seçkilərə ATƏT/ODİHR missiyasının dəvətinə ehtiyac yoxdur

"Yerli seçkilərə belə missiyaların çağırılması beynəlxalq praktikada nadir hallarda baş verir və bu addım bu gün üçün zəruri deyil."

Bu sözləri Tbilisi meri Kaxa Kaladze Britaniya səfirliyinin Gürcüstan hökumətinə yerli özünüidarəetmə seçkilərinin monitorinqi üçün ATƏT/ODİHR missiyasının dəvət olunması çağırışına münasibət bildirərkən söyləyib.

“Yerli özünüidarəetmə seçkilərində ATƏT/ODİHR missiyasının dəvət olunması beynəlxalq praktikada yoxdur. Bu, yalnız istisna hallarda baş verir və biz də 2021-ci ildə belə bir istisna yaşadıq. Bu gün belə zərurət yoxdur, xüsusən də nəzərə alaraq ki, bu təşkilatların hesabatları tapdalanıb, nəzərə alınmayıb”, – deyə Kaladze jurnalistlərə açıqlamasında bildirdi.

Mer həmçinin əlavə edib ki, 2020-ci ilin parlament seçkilərində ATƏT/ODİHR tərəfindən hazırlanmış yekun hesabat müxalifətin manipulyasiyalarına məruz qalıb və həmin hesabatın məqsədli kampaniyaların predmetinə çevrildiyini vurğulayıb.

Kaxa Kaladze müxalifətin yerli seçkilərdə iştirak qərarına da toxunub. Onun sözlərinə görə, radikal qruplar öz qərarlarını özləri deyil, aldıqları təlimatlarla verirlər:

“Radikal qrup nə qərar verəcək – bu maraqlı deyil. Onlar onlara deyiləni yerinə yetirirlər. Bir neçə ay əvvəl deyirdilər ki, seçkilərdə iştirak etməyəcəklər. Bu gün isə fikirlərini dəyişiblər”, – deyə Kaladze bildirib.

Xatırladaq ki, Böyük Britaniyanın Gürcüstandakı səfirliyi yaydığı bəyanatda Gürcüstan hökumətinə çağırış edib ki, oktyabrda keçiriləcək yerli seçkilər üçün ATƏT/ODİHR missiyasını dəvət etsin və 2024-cü il parlament seçkilərinə dair yekun hesabatda yer alan bütün tövsiyələri nəzərə alsın. Səfirlik qeyd edib ki, Gürcüstan qanunvericiliyi beynəlxalq müşahidə təşkilatlarının seçkiləri izləməsini nəzərdə tutur ki, bu da şəffaf və peşəkar seçki nəzarətinin ayrılmaz hissəsidir.

mənbə: interpress