Ukrayna ordusu Krasnodar və Mahaçqalanı vurdu - VİDEO

Aug 24, 2026 - 09:59
 0  22

Rusiyanın Krasnodar şəhərində dron qalıqlarının özəl uşaq mərkəzinin üzərinə düşməsi nəticəsində iki uşaq həyatını itirib, daha yeddi nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

XEBER.GE xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev özünün sosial şəbəkə hesablarında məlumat yayıb.

Qubernatorun sözlərinə görə, şəhərdə baş verən hadisə zamanı daha iki şəxs də yaralanıb. Hazırda bütün zərərçəkənlərə lazımi tibbi yardım göstərilir.

Kondratyev əlavə edib ki, dron qalıqları həmçinin yaşayış binalarına və inşası davam edən çoxmənzilli evlərə də ziyan vurub. PUA-ların düşməsi səbəbindən anbar binalarında yanğınlar qeydə alınıb. Hadisə yerinə əməliyyat xidmətləri cəlb edilib, xilasedicilər alovu söndürürlər. Yaralılar barədə məlumatlar dəqiqləşdirilməkdədir.

Bununla yanaşı, hücumdan sonra Krasnodardakı "Ozon" anbarında da irimiqyaslı yanğın başlayıb. Bu barədə şirkətin mətbuat xidməti məlumat verib. Bildirilib ki, işçilər anbar ərazisindən təxliyə ediliblər. İlkin məlumatlara əsasən, burada xəsarət alan yoxdur.

Ukrayna ordusu həmçinin "Ozon"un Mahaçqalada yerləşən logistika mərkəzinə də PUA zərbələri endirib. Zərbə nəticəsində anbarda alovlanma baş verib. İlkin məlumata görə, bir neçə nəfər yaralanıb.

"Səhər saat 5 radələrində Mahaçqaladakı logistika mərkəzi də PUA hücumuna məruz qalıb. Bütün sistemlər normal rejimdə işə düşüb və işçiləri dərhal təxliyə etdik. İlkin məlumatlara görə, bir neçə nəfər xəsarət alıb. Onların hamısı həkim müayinəsindən keçib - həyat və sağlamlıqları üçün heç bir təhlükə yoxdur. Ərazidə yanğın başlayıb, hazırda təcili xidmətlər cəlb olunub", - deyə şirkətin açıqlamasında qeyd edilir.

Məlumata görə, anbarın fəaliyyəti qeyri-müəyyən müddətə dayandırılıb.

Bundan əlavə, Stavropol diyarının Nevinnomıssk şəhərində yerləşən "Ozon" regional fulfilment mərkəzi də hücuma məruz qalıb.

mənbə: oxu.az