Gürcüstanda 'Danone' məhsullarının geri çağırılmasına başlanılıb

Feb 7, 2026 - 19:39
 0  23
Gürcüstanda 'Danone' məhsullarının geri çağırılmasına başlanılıb

Gürcüstanın Milli Qida Agentliyi "Danone Nutricia" transmilli şirkətindən "Danone" məhsullarının konkret partiyalarının bazardan geri çağırılması barədə rəsmi bildiriş alıb.

Xeber.ge xeber  verir ki, bu qərar qida təhlükəsizliyi standartlarının pozulması ilə deyil, Avropa Qida Təhlükəsizliyi Qurumunun (EFSA) yeni preventiv tövsiyələri ilə bağlıdır.

Məlumata əsasən, 2026-cı il fevralın 2-də EFSA uşaq qidalarında sereulid (cereulide) toksini üçün daha aşağı hədd müəyyən edib. İstehsal zamanı məhsullar Avropa İttifaqının bütün qüvvədə olan qaydalarına tam uyğun olsa da, şirkət yüksək məsuliyyət nümayiş etdirərək sözügedən partiyaları satışdan çıxarmaq qərarına gəlib.

"Danone Nutricia"nın Gürcüstandakı rəsmi idxalçısı olan "J-C Georgian Info Service" şirkəti dərhal fəaliyyətə keçərək distribütorlarla əlaqə saxlayıb və anbarlarda ətraflı inventarizasiya işlərinə başlayıb. İlkin məlumatlara görə, hazırda anbarlarda həmin partiyaya aid məhsul tapılmayıb. Lakin aşkar olunacağı təqdirdə, qida dərhal möhürlənəcək.

Qeyd edək ki, sereulid (cereulide) Bacillus cereus bakteriyasının bəzi ştamları tərəfindən istehsal olunan və qusma, ishal, halsızlıq kimi hallara səbəb olan bir toksindir. Milli Qida Agentliyi prosesə tam nəzarət edir və nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.